...

Ekspert: Daşınmaz əmlakın bazar qiymətilə vergiyə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər

Nəzər nöqtəsi Materials 16 Yanvar 2018 18:57 (UTC +04:00)
Daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb olunması sosial ədalətin tələbidir
Ekspert: Daşınmaz əmlakın bazar qiymətilə vergiyə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər

Bakı. Trend:

Daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər.

Bunu Trend-ə daşınmaz əmlak üzrə ekspert Rəşid Heydərov deyib.

R.Heydərovun sözlərinə görə, Azərbaycanda müasir dövrdə daşınmaz əmlak bazarı sürətlə inkişaf edib və hazırda cəmiyyətin daşınmaz əmlaka görə təbəqələşməsi danılmaz faktdır:

"Yaranmış vəziyyətlə əlaqədar əminliklə demək olar ki, daşınmaz əmlakın onun bazar qiymətinə adekvat olaraq əmlak vergisinə cəlb edilməsi günümüzün aktuallığına çevrilib. Bu yanaşma beynəlxalq praktikada mümkün olan vergilərdən ən ədalətlisi kimi dəyərləndirilir".

Ekspert bildirib ki, daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi cəmiyyətin müxtəlif təbəqələrinin nailiyyətlərinin ictimaiyyət arasında rəğbətlə qarşılanması baxımından vacib olan bir məsələdir:

"Bu zaman cəmiyyətin daha çox təminatlı təbəqəsinin gəlirlərinin bir hissəsinin aztəminatlı təbəqələrinə kömək kimi yönəldilməsi prosesi həyata keçirilir ki, bu da daşınmaz əmlak bazarını sosial cəhətdən qəbul edilən hala gətirir. Bu baxımdan daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər. Bu yanaşma həmçinin, büdcənin formalaşdırılmasında əhəmiyyətli rol onamaqla yanaşı vergi yükünün ədalətli bölgüsünə, əmlakdan səmərəli istifadəyə və daşınmaz əmlak bazarının səffaf şəkildə inkişafına imkan yaradır.

Daşınmaz əmlakın bazar dəyərinə görə əmlak vergisinə cəlb edilməsi hələ 1818-ci ildə ABŞ-ın İllinoys ştatının birinci Konstitusiyasından nəzərdə tutulmuşdu. Burada hər bir şəxsin onun mülkiyyətində olan əmlakın dəyərinə proporsional olaraq vergi ödəməsi nəzərdə tutulurdu. İllinoys ştatı 20 il müddətində bu maddəni bəyənməsə də sonralar bu qaydalar daha ədalətli hesab edilərək XIX əsrdə Birləşmiş Ştatların əksər ştatlarının Konstitusiyalarına daxil edildi.

Hazırda beynəlxalq praktikada daşınmaz əmlakların bazar qiymətinə uyğun şəkildə əmlak vergisinə cəlb edilməsi qabaqcıl təcrübə kimi geniş vüsət alıb. Bu gün dünyanın 130-dan çox ölkəsində daşınmaz əmlak vergisi tətbiq edilir. Əksər inkişaf etmiş ölkələrdə (Amerika, Kanada, Danimarka, Yaponiya, İsrail, Portuqaliya, İndoneziya və s.) vergi bazası kimi torpaq, onun üzərindəki tikili və quğularla birlikdə əmlak vergisinə cəlb edilir.

Əksər ölkələrdə əmlak vergisinin yığılması yerli hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsindədir. Mərkəzi dövlət orqanları isə əmlakın qiymətləndirilməsi, işlərin təşkili və əlaqələndirilməsində məsuldurlar. Vergiyə cəlb olunma işlərinin mərkəzləşdirilmiş şəkildə təşkili ölkə ərazisində yerli səviyyədə həyata keçirilən inzibati tədbirlərin vahid prinsip üzrə olmasını təmin edir. Postsovet məkanında bu sahədə ən qabaqcıl təcrübə kimi Litva təcrübəsini qeyd etmək yerinə düşərdi. Litvanın Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən Reyestrlər Mərkəzi hər ilin dördüncü rübündə il ərzində olan yenilənmələr də nəzərə alınmaqla hər bir daşınmaz əmlakın ilin sonuna olan vəziyyətinə görə yenidənqiymətləndirilməsini aparır, yerli qanunvericiliyə uyğun şəkildə əmlak vergisinin miqdarını müəyyənləşdirir, ödəniləcək məbləğin qəbzlərini hazırlayaraq müəyyən qədər xidmət haqqı müqabilində yerli bələdiyyələrə təqdim edir.

Çoxlu sayda daşınmaz əmlakın qısa zaman kəsiyində qiymətləndirilməsi daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi zərurətini yaradır. CAMA (Computer Assisted Mass Appraisal) sistemi ilə həyata keçirilən kütləvi qiymətləndirmə zamanı zəruri məlumatlar bazaya daxil edildikdən sonra bir milyon əmlak 67 saniyə ərzində qiymətləndirilə bilir.

Yerli idarəetmənin inkişaf etdiyi ölkələrdə yerli büdcənin formalaşması da əsasən əmlak vergisinin hesabına həyata keçirilir. Bu zaman yerli əhəmiyyətli məsələlər kimi, yanğından mühafizə xidməti, polis, təhsil və səhiyyə müəssisələri, bağlar, parklar, yollar və s. bu kimi sosial infrastruktur obyektlərinin maliyyələşdirilməsi mənbəyi yerli büdcədən olduğundan onların daha yaxşı inkişafına zəmin yaradılır".

R.Heydərovun sözlərinə görə, inkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsi göstərir ki, ölkə büdcəsinin təxminən 3%-ə qədəri əmlakdan gələn gəlir hesabına formalaşdırılır. Bu isə olkə büdcəsinin formalaşmasına və bələdiyyələrin maliyyə vəziyyətinin dayanıqlı hala gətirilməsinə böyük köməkdir. ABŞ-da isə bu rəqəm hətta 9%-ə yaxındır:

"Azərbaycanda daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi cənab Prezidentin çıxışlarında da, xüsusi olaraq, bir neçə dəfə vurğulanıb:

• 2005-ci ilin birinci yarısı ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev deyib: "Bir önəmli məsələ budur ki, bizdə əmlak vergisinin tutulması şəffaf deyildir. Yəni, əmlak vergisi var, amma əmlakın qiymətləndirilməsi məsələsi hesab edirəm ki, lazımı səviyyədə deyildir..."

• Digər bir çıxışında isə Prezident belə deyib: "İnkişaf etmiş ölkələrdə hər bir mənzil sahibi, yaxud da mülk sahibi ildə müəyyən əmlak vergisi verir. Ancaq o şərtlə ki, onun mülkiyyəti bazar qiyməti ilə qiymətləndirilir. Bu, çox ciddi məsələdir. Bunun həlli, həm də Azərbaycanda gedən prosesləri dünyada gedən proseslərlə uyğunlaşdırar, əlavə gəlir mənbəyi yarada bilər”.

Daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi ilə bağlı bir sıra dövlət qurumları, Vergilər Nazirliyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə ərzisində bir neçə dəfə Pilot layihələr həyata keçirsə də, ölkədəki mövcud daşınmaz əmlakların indiyədək kütləvi texniki inventarizasiyası aparılmadığı səbəbindən bu əmlaklar barədə əldə kifayət qədər məlumatlar olmadığı üçün kütləvi qiymətləndirmə işləri inkişaf etdirilə bilmədi. Hazırda mövcud qanunvericiliyə görə, ölkədə fiziki şəxslərin əmlakları onların sahələrinə görə (ölkədə heç bir qurumda bütün daşınmaz əmlakların sahəsi barədə səhih məlumat yoxdur) bələdiyyələr tərəfindən, hüquqi şəxslərin daşınmaz əmlakları isə onların qalıq balans dəyərinə görə vergi orqanları tərəfindən əmlak vergisinə cəlb edilir ki, bu da, reallığı əks etdirmədiyindən, bu sahədə bir pərakəndəlik hökm sürür və əmlak vergisinin yığımı digər olkələrlə müqayisədə çox aşağı səviyyədədir".

Ekspertin fikrincə, təcrübə göstərir ki, optimal qısa müddət olaraq 5 il ərzində əmlak sahibləri hesabına bütün növ daşınmaz əmlakların texniki inventarlaşdırılmasını və qiymətləndirilməsini təmin etmək, ölkə üzrə vahid daşınmaz əmlak bankı yaratmaq, hər ilin sonuna il ərzində yaranan yenilənmələr də nəzərə alınmaqla daşınmaz əmlakların bazar qiymətlərinə uyğun kütləvi qiymətləndirilməsini təmin etmək və beləliklə də beynəlxalq qabaqcıl praktikada olduğu kimi daşınmaz əmlakları onların bazar qiymətinə adekvat şəkildə əmlak vergisinə cəlb etmək mümkün olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti