...

Deputat: Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi deyil

Nəzər nöqtəsi Materials 3 Aprel 2018 17:24 (UTC +04:00)
Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir.
Deputat: Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, qlobal imperializm hazırki mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir:

“Bunun üçün ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq.

H.Babaoğlu bildirib ki, dünyada terrorun forma və növləri hamıya məlumdur: “İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb. Hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir. Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar. Həmin ölkələr hazırda siyasi “teatrlar” düzəldirlər. Belə ki, xarici ölkələrin birində vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən həmin şəbəkə eyni vaxtda dövlətimizə qarşı siyasi “teatr” təşkil etdi. Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi “teatrlar” ölkəmizə transfer edilərək siyasi dramaya çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur”.

Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik nümayəndəliklərimiz bu istiqamətdə fəaliyyətə başlamalıdır: “Həmçinin, milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan "Facebook", "Twitter"ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir. Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti