...

Ekspert: Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir

Nəzər nöqtəsi Materials 16 Oktyabr 2018 15:31 (UTC +04:00)
Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir
Ekspert: Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir

Bakı. Samir Əli - Trend:

İrəvandakı Frankofoniya sammitinin yekun bəyanatında Ukraynanın ərazi bütövlüyünün tanınması, sammit çərçivəsində Ermənistan prezidentinin Kosova rəhbəri ilə xüsusi görüşü və Serbiya prezidentinin sammitə gəlməkdən imtinası mahiyyətcə bir-birini tamamlayan hadisələrdir. Ermənistanın indiki rəhbərliyinin aprel ayından başlayaraq Rusiyanın siyasi maraqlarına xəyanətkar kursunun davam etdirildiyi göz qabağındadır.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Ermənistan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ikili standartla və özünün təcavüzkar siyasətinə uyğun selektiv qaydada yanaşdığını bir daha nümayiş etdirdi:

"Ermənistan Kosova rəhbərliyi ilə görüşlə Serbiyanın ərazi bütövlüyünə və tarixi müttəfiqi saydığı Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini də nümayiş etdirir, eyni zamanda Rusiyanın mənafelərinə arxadan zərbə vurur. Ukraynanın ərazi bütövlüyünə Ermənistanın dəstəyi beynəlxalq hüququn bu mühüm normasına hörmət əlaməti yox, Rusiyanın əleyhinə getmək və Qərbin müəyyən mərkəzlərinin siyasətini həyata keçirmək cəhdidir. Ermənistanın indiki rəhbərliyi beynəlxalq əzazi bütövlüyü prinsipinə birmənalı hörmət etsəydi, Azərbaycana təcavüzdən imtina edər, işğal edilmiş torpaqlarımızı qaytarar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərdi".

Ekspert bildirib ki, Ermənistanın son davranışları Rusiya kimi tarixi müttəfiqinə aşkar xəyanət və beynəlxalq ərazi bütövlüyü prinsipinə ziddiyyətli münasibətdən başqa bir şey deyil: "Heç cür başa düşülən deyil ki, Ermənistan eyni vaxtda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Serbiyanın ərazi bütövlüyünü pozan Kosova ilə bərabərhüquqlu münasibətlər qurur, Azərbaycanın isə ərazi bütövlüyünü ümumiyyətlə tanımaq istəmir. 21-ci əsrin başlanğıcı üçün müttəfiqlərə xəyanət və beynəlxalq ərazi bütövlüyü prinsipinə ziddiyyətli münasibət baxımından Ermənistan qədər “parlaq” nümunə göstərən ikinci ölkə yəqin ki, olmayacaq".

Baş redaktor vurğulayıb ki, dünya Azərbaycanın və Ermənistanın apardıqları dövlət siyasətlərini müqayisə etmək üçün tutarlı bir məqam əldə etdi:

"Azərbaycan beynəlxalq ərazi bütövlüyü prinsipinə, mütəffiqlərə və tərəfdaşlara birmənalı hörmət və sayğı ilə yanaşdığı halda Ermənistan öz müttəfiqlərinə aşkar xəyanət və beynəlxalq hüquqa ziddiyyətli yanaşma mövqeyi göstərir. Bu ölkə özünə sərf edən yerdə beynəlxalq ərazi bütövlüyü prinsipini tanıyır, öz mənafeyinə uyğun olmayan yerdə isə onu pozur və hətta müttəfiqlərini də ayaq altına atır. Ərazi bütövlüyü prinsipinə ziddiyyətli münasibət Ermənistanın işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimi dünyada tanıtmağa yönəlmiş daha bir uğursuz cəhdinin ifadəsidir. Azərbaycanın regionda və dünyada Rusiyanın yeganə etibarlı strateji müttəfiqi, Ermənistanın isə hər fürsətdə xəyanətkarlığa meyilli olması Frankafoniya kontekstində bir daha təsdiqlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti