...

Politoloq: Dövlət idarəetmə sistemində struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur

Nəzər nöqtəsi Materials 16 Yanvar 2019 09:44 (UTC +04:00)
Dövlət idarəetmə sistemində struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur.
Politoloq: Dövlət idarəetmə sistemində struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur

Bakı. İlhamə İsabalayeva - Trend:

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlara əsasən dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan inzibati islahatların növbəti mərhələsidir:

"Sözsüz ki, dövlət idarəçiliyi sistemində həyata keçirilən istənilən xarakterli islahatlar mövcud reallıqlarla uzlaşmalıdır. Bu baxımdan Azərbaycanın gündən-günə artan iqtisadi potensialı, həmçinin ölkənin xarici müstəvidəki fəallığında müşahidə olunan yüksək dinamizm cəmiyyət həyatında müasir və çevik dövlət idarəçiliyinin reallaşdırılmasını tələb edir. Azərbaycan cəmiyyətində müşahidə olunan dərin sosial-iqtisadi dəyişikliklər bu dəyişikliklərə adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, həm də ciddi struktur islahatlarının həyata keçirilməsini tələb edir. Qeyd edim ki, yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında dövlət idarəetməsində struktur islahatlarının anonsu Prezident İlham Əliyev tərəfindən verilmişdi. Bunun ardınca ölkə Prezidenti tərəfindən müvafiq fərmanın imzalanması bir daha sübut etdi ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyində zamanın reallıqlarına uyğun olaraq, mühüm islahatların aparılması və davamlı olması ümumi dövlət siyasətinin mərkəzi trendini təşkil edir. Bununla yanaşı, bir daha şahidi olduq ki, Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində həyata keçirilən islahatların başlıca istiqamətini bu sistemin modernləşdirilməsi, daha çevik olması yönündə addımların atılması təşkil edir".

Politoloq əlavə edib ki, struktur islahatlarının aparılması bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət idarəetməsi sistemində inzibati islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Biri-birilərinin fəaliyyətini təkrarlayan və ümumiyyətlə, fəaliyyətini Azərbaycanın müasir inkişaf dialektikası ilə uzlaşdıra bilməyən dövlət orqanlarının ləğv edilməsi idarəetmənin optimallaşdırılması istiqamətində olduqca mühüm addımdır.

E.Mirbəşiroğlu bildirib ki, idarəetmə sistemində struktur islahatlarının aparılması vəsaitlərə qənat olunmasının və bürokratiyanın qarşısının alınmasının ən effektiv mexanizmlərindən biridir.

Onun sözlərinə görə, bundan əvvəl də ölkəmizdə idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində aparılan inzibat islahatlar nəticəsində bir sıra eyni və oxşar funskiyaları yerinə yetirən strukturların birləşdirilməsi və səlahiyyətlərinin başqa strukturlara verilməsi təmin edilib:

"Məsələn, 2015-ci ilin fevralında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunub və onun funksiyaları digər müvafiq dövlət orqanları arasında bölüşdürülüb və s. Bu baxımdan bir daha hesab edirəm ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdiriməsi, çevikliyinin artırılması, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və dövlət vəsaitlərinə qənaət olunması baxımından zamanında atılmış strateji addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti