...

ABŞ prezidentinin Fələstin-İsrail məsələsində nikbinliyinə əsas yoxdur – "Trend"in eksperti

Dünya xəbərləri Materials 9 Yanvar 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar / "Trend , müxbir D.Xatınoğlu/ ABŞ prezidentinin Fələstin-İsrail arasında sülh yaranmasına nikbin baxması reallığa uyğun deyil. ABŞ prezidenti Corc Buş regiona səfəri ərəfəsində bildirib ki, Fələstin və İsrail arasında sülhün yaranmasına nikbin baxır. Lakin əslində faktlar buna dəlalət etmir. Belə ki, beş il bundan əvvəl İsrailin sabiq baş naziri Ariel Şaron işğal olunmuş Fələstin ərazilərində şəhərciklərin inşasının dayandırılacağı barədə Buşa vəd versə də, bu illər ərzində fakt olaraq 56 şəhərciyin tikilməsinin şahidi olmuşuq. Noyabr ayında Fələstin-İsrail probleminə həsr olunmuş Annapolis konfransının müzakirəsinin də indiyədək sülhün yaranmasına heç bir təsiri olmayıb. Sionistlər şəhərciyin inşasını xüsusilə Qüdsun şərq hissəsində davam etdirirlər, Qəzzə regionunda isə Fələstinin Həmas təşkilatı ilə İsrail hərbi qüvvələri arasında baş vermiş müharibə davam edir və Fələstinin müstəqil bir ölkə kimi sərhədlərinə dair mübahisələr hələ də səngiməyib.

Almaniyanın "Douche Welle" Agentliyinin yanvarın 8-də yaydığı məlumata əsasən, Fələstin-İsrail arasında növbəti müzakirələr yanvarın 6 və 7-də keçirilib. Lakin İsrailin XİN rəhbəri Tsipi Livni ilə Fələstinin sabiq baş naziri Əhməd Qəri arasında "sülh müzakirələri" adı altında keçirilən müzakirələrin mahiyyəti məlum deyil.

İki günlük müzakirələr sülh prosesində heç bir nəticə vermədikdən sonra növbəti müzakirələr ABŞ prezidentinin işğal olunmuş ərazilərə səfəri ərəfəsində Mahmud Abbas ilə Ehud Olmert arasında keçirilib və müzakirələrin əsl mahiyyəti sülhlə bağlı deyil, Buşun səfəri zamanı hər iki tərəfin gözlənilməz və böhran yarada biləcək siyasi addımlar atmayacağı ilə bağlı olub.

Olmertin sözçüsü Mark Reqev İsrail mətbuatına bildirib ki, Buşun regiona səfəri zamanı İsrail bir daha şəhərciklərin inşasını dayandıracağı barədə ABŞ prezidentinə vəd verəcək. Belə vədlər ABŞ-ın sabiq prezidenti Bil Klintonun hakimiyyəti dövründə Kemp Deyviddə keçirilən Fələstin-İsrail müzakirələri zamanı da səsləndirilib. Mən belə təsəvvür edirəm ki, hər iki tərəf bu müzakirələrdə sülhün yaranması məqsədini deyil, başqa məqsədləri güdür. İsrail tərəfi fələstinli məhbusların bir qismini azadlığa buraxmaqla və digər güzəştlərə getməklə Ərəb Əmirliklərini İrana qarşı yaradılacaq koalasiyada iştiraka sövq edir və Annapolis müzakirələrindən etibarən onların nisbi dəstəyini də qazanıb. İranın ərəb ölkələri arasında ən böyük müttəfiqi olan Suriya da Annapolisdə iştirak etməkdən boyun qaçırmadı və öz iştirakının səbəbini onunla əlaqələndirdi ki, İsrail bu görüşdə Suriaynın işğal altında olan Holan təpələrini də müzakirə edəcəyini vəd edib, lakin bu məsələ ətrafında müzakirə olmadı. Hazırda Suriya İrana dəstək verməkdə ehtiyatlanır. ABŞ rəsmiləri də Livanda prezident seçkiləri ilə bağlı baş vermiş daxili münaqişələrdə Suriyanın müdaxilələrinin azalması barədə ara-sıra xəbərlər verir. Beləliklə, İranın regionda olan müttəfiqləri Həmas və Hizbullah təşkilatları getdikcə iflasa uğramaqdadır, bu isə Həmasın rəqibi hesab olunan Fəth təşkilatının təmsilçisi Abbas üçün böyük bir nailiyyətdir.

Müzakirələrdə daha çox qazanan isə Buşdur. Yeddi illik prezidentlik dövründə müharibələrlə ABŞ-ın sülhsevrə imicinə beynəlxalq səviyyədə xələl gətirən Buş "Orta Şərqdə sülhün yaradılması planı" ilə dünyanın onunla və ölkəsi ilə bağlı mənfi təəssüratlarını dəyişmək istəyir. Həmçinin, qarşıdakı prezident seçkilərində də növbəti prezidentin respublikaçılardan olması istiqamətində addım atır. Lakin Buşun bəşər tarixində hər bir vəchlə öz adını həkk etdirmək cəhdləri sonunda yalnız böhranların dərinləşməsi ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti