Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir A.Qasımova/ Vladimir Putin Dövlət Dumasının bu gün keçirilən növbədənkənar iclasında Rusiyanın Baş naziri seçilib.
Putinin RF hökuməti rəhbəri vəzifəsinə seçilməsinin lehinə 392 səs - 87%, əleyhinə isə 12,4% səs verilib. Bitərəf qalan olmayıb.
Putin səsvermədən öncə öz nitqində hökumətin gələcək işi ilə bağlı fikirlərini açıqlayıb.
Putin qeyd edib ki, ən başlıcası ümumi məqsədlərin ətrafında birləşməkdir. "Rusiya sadəcə dəyişməyib, tamamilə başqa ölkə olub. İndi ölkəyə cəmiyyətin həmrəyliyi lazımdır, hakimiyyətin bütün qollarının ahəngdar işləməsi zəruridir. Mənim üçün aydındır ki, hökumət yalnız tam şəkildə qanunverici hakimiyyətə əsaslandığı halda güclü və effektli ola bilər", - yeni hökumət başçısı bildirib.
Medvedyev hələ 2007-ci il dekabrın 11-də, dörd partiya prezidentliyə onun namizədliyini irəli sürdükdən sonra, Putindən seçkilərdə qələbə çalacağı halda Baş nazir olmağı xahiş edib. Səsvermənin nəticələri açıqlandıqdan sonra, Putin Nazirlər Kabinetinə başçılıq etməyə razılıq verib.
İnaqurasiyadan və Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin səlahiyyətləri bitdikdən sonra, Medvedyev ölkənin Baş naziri postuna təsdiq edilmək üçün Putinin namizədliyini Dövlət Dumasına təklif edib.