Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya qoşunları Qoriyə daxil olublar, onlar şəhəri tamamilə qarət edir, maddi sərvətləri məhv edir, gürcüləri təqib edirlər. Bu barədə çərşənbə günü Litva, Polşa, Estoniya prezidentləri və Latviya Baş nazirinin iştirakı ilə brifinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyanat verib.
"Vətəndaşların hüquqları kütləvi və ən kobud şəkildə pozulur və biz beynəlxalq təşkilatların yardımını istəyirik. İstəyirəm ki, Rusiya aviasiyasının Qoridə hansı növ bomba və mərmilərdən istifadə etdiyi yerində aydınlaşdırılsın. Rusiyanın sonradan guya şəhərin özümüz tərəfindən bombalanması barədə iddia etməməsi üçün bunu etmək lazımdır. Bu, İkinci Dünya Müharibəsi dövründə səciyyəvi olan klassik etnik təmizləmə kampaniyasıdır", - Saakaşvili bildirib.
"Bizim burada olduğumuz bu dəqiqələrdə Gürcüstanın müxtəlif regionlarında işğalçılar vətəndaşların hüquqlarını pozurlar. Biz prezident Sarkozi ilə atəşkəs rejimi barədə razılığa gəldik, lakin rusiyalı işğalçılar bizim şəhər və kəndlərimizdə ölkə əhalisini qarət edir, insanları öldürürlər", - o bildirib.
"Onlar Potidə aviazərbə ilə gürcü gəmilərini məhv etmək niyyətində olublar. Lakin yerli hakimiyyət nümayəndələri şəhəri bombalamamağı xahiş ediblər və belə olduqda onlar bizim gəmiləri partlayıcı ilə məhv ediblər. Mənə aydın deyil ki, Gürcüstan üzərinə götürdüyü öhədlikləri icra etdiyi fonda nələr baş verir", - Saakaşvili bəyan edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]