...

Berlin Qafqazdakı vəziyyətə dair Fransanın planını dəstəkləyir – Almaniyanın xarici işlər naziri

Dünya xəbərləri Materials 15 Sentyabr 2008 12:02 (UTC +04:00)
Berlin Qafqazdakı vəziyyətə dair Fransanın planını dəstəkləyir – Almaniyanın xarici işlər naziri

Federal hökumət Qafqazda münaqişənin nizamlanması üzrə gələcək tədbirlərə dair məsələdə Avropa İttifaqına (Aİ) sədrlik edən Fransanı dəstəkləyir. Bunu Aİ -nin Xarici İşlər Nazirləri Şurasının bazar gününə nəzərdə tutulan iclası öncəsi telefon danışığı zamanı vitse-kansler, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer fransalı həmkarı Bernar Kuşnerə bildirib. Bu barədə RİA Novosti -yə Almaniyanın Xarici Siyasət İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya qoşunlarının Poti-Senaki xəttindən geri çəkilməsi altı bənddən ibarət planın yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Bununla da Aİ, Rusiya və Gürcüstan arasında sentyabrın 8-də imzalanan qoşunların çıxarılmasına dair razılaşmanın birinci mərhələsi yerinə yetirilib", - deyə almaniyalı nazir bildirib.

O, bütün iştirakçı tərəfləri digər razılaşmaları da yerinə yetirməyə çağırıb.

"Yalnız bu yolla regionda stabillik və sülhü bərpa etmək olar", - deyə Ştaynmayer hesab edir.

Agentlik sözçüsünün verdiyi məlumata görə, telefon söhbəti zamanı Almaniya və Fransa nazirləri Aİ-nin "bütün vədlərin yerinə yetirilməsi, xüsusilə də müşahidəçi missiyasının mümkün qədər tez regiona göndərilməsi" ilə bağlı səylərini vurğulayıblar.

"Son həftələr bu missiyanın hazırlanma sürəti və intensivliyi məndə bunun baş tutacağı barədə nikbin əhval-ruhiyyə yaradır. Nazirlər Şurasının belə bir qərarı (göndərilmə barədə) Gürcüstan münaqişəsində Aİ-nin işləmək qabiliyyəti barədə mühüm siqnal olardı", - deyə almaniyalı nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Qafqazda uzun müddətli stabilliyə öz töhfəsini verməkdə qətiyyətlidir və həmin regiona Aİ-nin müşahidəçi missiyasının göndərilməsi bu istiqamətdə atılan hələki ilk addımdır.

"Biz Aİ-nin Gürcüstan üzrə xüsusi səlahiyyətlisinin köməkliyi ilə oktyabrın 15-də Cenevrədə başlanacaq münaqişə edən tərəflərlə müzakirələr prosesinə fəal şəkildə qoşulacağıq. Bununla yanaşı, müstəqil komissiyanın avqustun əvvəllərində (Gürcüstanda) əhalinin eskalasiyası səbəblərinin aydınlaşdırılmasına başlaması da mühüm iş olaraq qalır", - deyə Ştaynmayer hesab edir.

Xəbər lenti

Xəbər lenti