Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Ağ Evin yeni rəhbəri Barak Obama köhnə xarici siyasət kursundan imtina edərsə, ABŞ - ın ərəb ölkələrinə qarşı siyasəti yaxşı tərəfə dəyişə bilər.
"Obama Yaxın Şərqdə kim olacağını həll etməlidir: davamçı və ya islahatçı? O, ərəb ölkələri ilə münasibətləri yenidən qurarsa, bu, ümumilikdə regionun vəziyyətini dəyişəcək", - Amerikanın Hudson İnstitutu (Hudson İnstitute) London filialının analitiki Conatan Peris (Jonathan Paris) telefonla Trend - a bildirib.
Noyabrın 4 - də ABŞ - da keçirilmiş seçkilərdə Demokratlar Partiyasından namizəd, İllinoys Ştatından senator Barak Obama qələbə qazanıb.
ABŞ- ın prezidenti olan Obama Amerika siyasətinin ərəb regionunda dolaşıq kələfini, eləcə də Suriya ilə gərgin münasibətləri və Fələstin - İsrail danışıqlarında iştirakı alacaq.
Seçkiqabağı kampaniya zamanı Obama Yaxın Şərq ölkələri ilə münasibətlərin yaxşılaşdırılması üçün ABŞ prezidenti kimi qarşısına qoymaq niyyətində olduğu konkret vəzifələrdən danşır və Fələstin - İsrail danışıqlarına fəal kömək vəd edirdi.
ABŞ Yaxın Şərq Dördlüyünə (YŞD) sədrlik edən ölkələrdən biri olsa da, Ərəb Dövlətləri Liqası (ƏDL), rəsmi Dəməşq və Fələstin administrasiyasının rəhbərləri dəfələrlə Vaşinqtonun İsrailin ərəb ölkələri ilə münaqişələrin tənzimlənməsində qeyri - oybektiv olması ilə bağlı narahatlıqlarnı ifadə ediblər.
Hələ də hakimiyyətdə olan prezident Corc Buş ərəb tərəfinin rəyini nəzərə almayaraq, İsraili dəstəkləməyi üstün tutub.
Son zamanlar ABŞ FM -in (Fələstin Muxtariyyəti) İsraillə danışıqlarında, ümumiyyətlə, heç bir konkret mövqe ifadə etməyib. Keçmiş Buş administrasiyasının sonuncu iri addımı 2007- ci ilin oktyabrında Amerikanın Annapolis şəhərində Fələstin və İsrail rəhbərləri konfransının təşkil edilməsi oldu. YŞD bu konfransda 2009-cu ilin sonuna barışıq haqqında sənəd hazırlayıb.
Aljazeera-nın siyasi analitiki Əkrəm Hüzamın sözlərinə görə, Ağ Evin gələcək rəhbərinin kömək edə biləcəyi yeganə məsələ tərəflər arasındakı dialoqa dəyişikliklərin edilməsidir. Lakin radikal tədbirlər Fələstin Administrasiyası və İsrail rəhbərlərinin özlərindən daha çox asılıdır.
Hazırda İsraildə formalaşdırılmış hökumət yoxdur, 2009-cu ilin martında isə, Fələstin muxtariyyətində seçkilər baş tutmalıdr.
Muxtariyyətin iki müxtəlif siyasi düşərgəyə - FƏTH və HƏMAS-a parçalandığını nəzərə alaraq, Obamaya Fələstin tərəfi ilə əməkdaşlıq etmək çətin olacaq, - britaniyalı analitik Peris hesab edir.
"Burada Fələstinin xarici kursunu təhlil etmək ABŞ - ın siyasətini təhlil etməkdən çətindir. Belə ki, muxtariyyətin bütün siyasi rəhbərləri Vaşinqtonla münasibətlərə eyni dərəcədə reaksiya göstərmirlər", - o hesab edir.
ABŞ Fələstin administrasiyası ilə başqa münasibətlər qurmasa, HƏMAS hərəkatının Vaşinqtonla əməkdaşlıqdan imtina etməsi tamamilə mümkündür, - Peris hesab edir.
ABŞ -dakı maliyyə böhranının aradan qaldırılması Ağ Evin yeni administrasiyasının başlıca vəzifələrindən biri olacaq.
"Obama əvvəlcə maliyyə böhranı kimi daxili probemlərlə məşğul olmalıdır və yalnız bundan sonra Fələstin - İsrail münaqişəsinin həllində yardım göstərməyə keçəcək", - müstəqil ərəb analitik Hüzam Beyrutdan Trend -a bildirib.
Lakin Buşun Fələstin - İsrail dialoqundakı balanslaşdırılmamış siyasətindən fərqli olaraq, Obama tərəflərdən yalnız birini - indiki halda İsrail tərəfini deyil, bütün tərəfləri dinləyəcək, - Amerikanın Miçiqan Universitetinin eksperti Antoni Sallivan hesab edir (Anthony Sullivan) hesab edir.
"Buşun siyasətinin daha çox İsrailyönlü olması və fələstinlilərin rəylərinin tez - tez diqqətə alınmadığı ilə razılaşmaq lazımdır. Lakin Obama Amerikanı dəyişmək istəyir. Bunun üçün isə, ABŞ - ın köhnə siyasətindən imtina etmək lazımdır", - Sallivan Trend - a bildirib.
Məqalə yazılarkən İsrail tərəfinin rəyini almaq mümkün olmayıb.
Buna görə də, çoxdan gözlənilən dəyişiklikləri gözləmək üçün Obamanın sözlərinin işdə öz əksini tapmasını görmək lazımdır. Bu onun 2009 - cu ilin yanvarında Ağ Evə başçılıq etməsi və yeni administrasiya formalaşdırmasından sonra aydın olacaq.
"ABŞ - ın yeni prezidenti Barak Obama, həqiqətən, "Buş" siyasətindən uzaqlaşsa, o zaman ABŞ və Yaxın Şərqin münasibətlərində təkamül baş verəcək", - amerikalı ekspert Sallivan əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]