Bu gün səhər, atəşkəs haqqında sazişin rəsmi müddətinin başa çatmasından təxminən 1 saat sonra, fələstinlilər İsrail ərazisinə üç "qəssam" raketi buraxılbar, - Jerusalem Post qəzeti xəbər verir. Raketlər Eşkol regionunda (İsrailin cənubu) açıq əraziyə düşüb, qurbanlar və dağıntı yoxdur.
Cümə axşamı HƏMAS-ın Qəzzə Zolağı və Beyrutdakı nümayəndələri sazişi uzatmayacaqlarını elan ediblər. Buna baxmayaraq, bu bəyanatadək artıq İsrail ərazisinə 11 raket və altı minaatan mərmisi, bir gün bundan əvvəl isə, 24 raket buraxılmışdı.
Jerusalem Post-un məlumatına görə, HƏMAS-ın Qəzzə Zolağındakı liderləri İsraildən qorxaraq yeraltı bunkerlərdə gizlənib, həmçinin, öz idarə və təhlükəsizlik sistemlərini köçürüblər. İsrailin müdafiə idarəsi əməkdaşlarının sözlərinə görə, onlar İsrail ordusunun sektordan İsrailə qazılmış tunelin aşkar edilməsi və məhvi üzrə noyabr əməliyyatınadək Qəzzədə olan tam sakitliyi qəbul edərlər. İsrail ordusunun bu əməliyyatı raket atəşinin qəflətən kəskinləşməsinə gətirib.
Cümə axşamı, Cənub hərbi dairəsinin komandanı general-mayor Yoav Qalant Beer-şevdəki qərargahında təhlükəsizliyin qiymətləndirməsini aparıb, bundan sonra ondan çox zirehli maşın Qəzzə Zolağı ilə sərhəd boyunca yerləşdirilib. Zabitlər deyirlər ki, onlara "gərginliyə hazır" olmaq əmri verilib. İsrail Müdafiə Ordusundakı mənbələr iddia edirlər ki, ötən həftə raket atəşləri HƏMAS - ın əmriylə "İslam cihadı" qruplaşması tərəfindən həyata keçirilib.
Çərşənbə günü axşam İsrail HHQ, "İslam cihadı"na HƏMAS-la əlaqəsinin haqqını ödəyəcəyini göstərmək üçün, terrorçu qruplaşmaya məxsus iki obyekti bombalayıb.
Atəşkəs haqqında sazişi uzatmamaq barədə qərar, Qəzzə Zolağında HƏMAS və Fələstinin digər qruplaşmaları arasında bir neçə müşavirədən sonra qəbul edilib. HƏMAS-ın Qəzzədəki liderlərinin bir hissəsi, İsrailin iri hərbi əməliyyatın keçirilməsinə bəhanəsinin olmaması üçün, sazişin uzadılmalı olduğuna təkid edirdilər.
HƏMAS - ın mətbuat katibi Fauzi Barhum İsraili, Qərb Sahilində fələstinli yaraqlıları öldürməsi və Qəzzə Zolağında NBM-i açmamaqla, dinc sazişi pozmaqda ittiham edib. "İslam cihadı"nın mətbuat katibi Valid Hilzin sözlərinə görə, dekabrın 19-dan sonra onun təşkilatı "fələstinliləri İsrailin təcavüzündən qorumaq hüququnu özündə saxlayır".