Türkman dili sabahdan İraqın Kərkük şəhərində rəsmi dil statusunda olacaq. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Türkman dilinin rəsmi status qazanmasında Kərkük bölgə Məclisinin Türkman əsilli üzvlərinin səyləri əsas rol oynayıb. Türkmanlar uzun müddətdən bəri kürd və ərəb dili ilə bərabər, türkman dilinin də rəsmi dil kimi qəbul edilməsinə çalışırdılar. Onların bu tələbi İraq Konstitutsiyasına əsaslanırdı. Kərkük bölgə Məclisinin türkman əsilli üzvü Həsən Turan "Cihan" - a açıqlamasında bildirib ki, İraq Konstitutsiya Məhkəməsinin qərarı və prezident Cəlal Təlabaninin yazılı göstərişi olsa da, bölgə məclisinin kürd əsilli üzvləri qərarın həyata keçirilməsinə indiyədək mane olublar. Dünən məclisdəki kürd, ərəb və türkman tərəflərinin birgə imzaladıqları razılaşmadan sonra, türkman dilinin Kərkükdə rəsmi dil kimi istifadə olunmasına qərar verilib.