Gürcüstan, Tiflis, 18 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Poti Şəhər məhkəməsi "Pala Reys" adlı türk gəmisinin saxlanmasına və onun ekipajının həbsinə qərar verib. Məhkəmə gəminin ekipajını qanunsuz balıq ovunda və narkotik qaçaqmalçılıqda günahlandırır.
Gürcüstanın sahil mühafizə kateri fevralın 12-də "Pala Reys" adlı türk gəmisini saxlayıb. Gürcüstan dövləti balıqçıları gəmidə böyük miqdarda marixuananın tapılması ilə əlaqədar olaraq narkotik qaçaqmalçılıqda, eyni zamanda təqribən 50 ton xəmsə balığının qanunsuz ovunda təqsirləndirir.
Gürcüstan sərhəd mühafizə xidməti tərəfindən saxlanmış türk gəmisinin sahibi ekipajının narkotik qaçaqmalçılıqla məşğul olmasını təkzib edir. "Bizim bu ittihamlarla heç bir əlaqəmiz yoxdur. Gəmi balıq ovu ilə Türkiyənin ərazi sularında məşğul olur", - saxlanılmış gəminin məxsus olduğu "Alacoğlu Balıqçılıq" şirkətinin sahibi Yaşar Alacoğlu bildirib.
O, Türkiyə dövlətinə məsələnin aydınlaşdırılması ilə müraciət edib.
Gəmi heyəti 25 nəfərdən ibarət olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]