İran və Venesuela iki ölkə arasında mövcud olan inkişaf proqramlarını həyata keçirmək məqsədi ilə Tehranda müştərək Bank yaradırlar. Bu barədə İran televiziyası məlumat yayıb.
"Bu layihə İranın Saderat İnkişaf bankının dünya bazarlarına çıxması üçün icra olunan proqramlardan biridir. Müştərək bankın ilkin Nizamnamə fondu 1 milyard 200 milyon dollardır",- bunu İranın Saderat (ixracat) İnkişaf Bankının direktoru Kuruş Pərviziyan şənbə günü Tehranda İran televiziyasına bildirib.
Səhmlərin 50 faizi İrana, 50 faizi isə Venesuelaya məxsusdur.
Pərviziyan bildirib ki, bankın yaradılması haqda saziş 2007-ci ilin mart ayında İran və Venesuela arasında imzalanıb.
İran və Venesuela indiyədək neft, sement, avtomobil, mənzil, neft-kimya zavodunun inkişaf etdirilməsi, ərzaq məhsullarının istehsalı zavodunun tikilməsi, süd məhsulları istehsal edən avadanlığın istehsalı və elektrik stansiyalarının tikilməsi sahələrində müştərək sərmayələr yatırıb.