Türkiyə Prezidenti Abdullah Gül keçirdiyi mətbuat konfransında ölkəsinin öz problemlərini özü həll etməli olduğunu bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
"Türkiyə öz problemini özü həll etməlidir. Problemimizi özümüz həll etməsək, başqası həll edəcək . Bu da ölkınin zəifləməsi və istismar edilməsi ilə nəticələnə bilər", - Gül bildirib.
Prezident onu da qeyd edib ki, ölkədə mövcud kürd probleminin həlli üçün müxalifətin fikri də nəzərə alınacaq.
Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.