...

İran və Qərb: küsülülərin vals rəqsi - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 4 Dekabr 2009 17:00 (UTC +04:00)
Əhmədinejadın "dünyanı idarə etməkdə həlledici hakimiyyət qurduğunu" dediyi bir vaxtda, Ağ Evin sözçüsü xəbərdarlıq edib ki, rəsmi Tehrana verilən fürsət bitmək ərəfəsindədir.
İran və Qərb: küsülülərin vals rəqsi - Trend News-un icmalçısı

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Əhmədinejadın "dünyanı idarə etməkdə həlledici hakimiyyət qurduğunu" dediyi bir vaxtda, Ağ Evin sözçüsü xəbərdarlıq edib ki, rəsmi Tehrana verilən fürsət bitmək ərəfəsindədir.

Qərb İranı nüvə silahı əldə etmək, terrorizmi dəstəkləmək və diktatorluqda, İran isə onları ölkədə dövlət çevrilişinə cəhddə ittiham edir. Beləliklə, tərəflərin masa arxasında konstruktiv müzakirə aparacağına ümid etmək sadəlövhlükdür.

Əgər İran nüvə silahı istehsal edərsə, buna əsas səbəb elə Qərbdən olan qorxusudur - dövlət çevrilişi, hərbi hücum və s.

Belə olan halda, İran və Qərbin necə dil tapacaqları məlum deyil. Bunun həlli üçün bir variant qalır ki, bu da İranın Əlavə Protokolu qəbul etməsidir. Hazırda İran bu protokolu rədd edir.

Hər halda, nüvə proqramının sülhməramlı məqsəd daşımasına nəzarət üçün İran MAQATE-nin 1997-ci ildə təsdiq olunmuş Əlavə Protokoluna (Additional Protocol) əməl etməlidir. Bu protokola əsasən, MAQATE müfəttişləri istənilən zaman, İranın nüvə proqramı ilə bağlı obyektlərdə araşdırmalar apara bilərlər. Bu da heç nəyə zəmanət vermir, çünki ortada iki əsas problem var. Birinci, əgər İran istəsə gizli nüvə obyektləri tikə bilər. İkinci problemsə budur ki, MAQATE-nin iddiasına əsasən, İranın nüvə proqramı və ballistik raketlərin istehsalı arasında hansısa əlaqələr var. Təbii ki, İran bunu qəbul etmir və MAQATE-nin hərbi obyektlərdə yoxlamalar aparmasına da "haqlı" olaraq mane olur - hər bir ölkənin hərbi fəaliyyəti sirr olaraq qalmalıdır.

Əsas məsələ budur ki, İran nüvə proqramını dayandırmaq istəmir və əlavə sanksiyaların tətbiqi İranın nüvə proqramını dayandıracağına ümid vermir.

Digər tərəfdən, noyabrın 29-da rəsmi Tehran elan edib ki, dağların altında 5 yeni uran zənginləşdirmə mərkəzi tikir və daha beşinin də tikilişi ilə bağlı əlverişli yerlər axtarmaqdadır. Deməli, İran hazırda ən azı 5 gizli uran zənginləşdirmə mərkəzi üzərində iş aparır.

MAQATE Hakimlər Şurası noyabrın 26-da İranın "Fordo" adlı uran zənginləşdirmə mərkəzinin "gizli" tikilişini pisləyərək, bu ölkə əleyhinə qətnamə qəbul edib. Hakimlər Şurası sonuncu dəfə 2006-ci ildə İranın nüvə proqramına qarşı qətnamə qəbul etmişdi.

İranın Qərblə nüvə proqramı ilə bağlı problemləri olduğu bir vaxtda, MAQATE qanunları ilə bağlı problemlər də mövcuddur.

Qərb İrandan tələb edir ki, NPT-nin bütün maddələrinə riayət etsin. NPT-də qeyd olunan 4-cü bəndinə əsasən, MAQATE üzv ölkələrə sülhməramlı nüvə proqramı ilə bağlı həm texniki, həm də elmi yardım etməlidir. Lakin BMT TŞ-nin qətnamələrinə əsasən, İrana hər cür nüvə proqramı ilə bağlı əməkdaşlığa qadağa qoyulub. Digər tərəfdən, NPT yalnız nüvə silahlarının yayılmasını deyil, həm də yaradılmış nüvə silahlarının məhv edilməsini nəzərdə tutur. Lakin nüvə silahına malik ölkələr buna əməl etmək istəmir.

Xatırladaq ki, İran 1970-ci ildə NPT-yə üzv olub.

Qərb İrandan tələb edir ki, gizli nüvə obyektləri haqqında məlumat versin. Lakin İran nüvə obyektlərini məhz buna görə gizli saxlayır ki, bu obyektlərin raket hücumuna məruz qalmasından qorxur. İsrail dəfələrlə İranın nüvə obyektlərini raket hədəfinə tutacağını bildirib.

"Fordo"-nun tikilişi ilə bağlı məlumat ilk dəfə BMT Baş Assembleyasının 54-cü iclası zamanı ifşa olunub və sentyabrın 25-də İran Nüvə Enerjisi Təşkilatı tərəfindən təsdiqlənib. MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyinin rəhbərliyi ilə iki dəfə bu zavod yoxlanılsa da, MAQATE başçısı rəsmi Tehranı "Fordo" ilə bağlı bəzi sənədləri gizlətməkdə ittiham edib. İran isə bildirib ki, nüvə silahlarının yayılmasına qarşı müqavilənin (Nuclear Non-Proliferation Treaty) 3.1-ci bəndinə əsasən, "Fordo"-nun sentrifuqlarını aktivləşdirmədən altı ay qabaq bu zavod barədə MAQATE-ni məlumatlandıracaq imiş.

Hər halda, əsas problemlərin olduğu bir zamanda İranın nüvə proqramının necə nəticələnəcəyinə ümidlə baxmaq absurddur.

Xəbər lenti

Xəbər lenti