...

Kərrubi və Musəvi İmam Xomeyninin şəklinin cırılması ilə bağlı süjeti tənqid ediblər

Dünya xəbərləri Materials 12 Dekabr 2009 12:48 (UTC +04:00)
İran müxalifətinin liderləri - prezidentliyə keçmiş namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi İran telekanalında yayımlanan naməlum şəxsin ayətullah Ruhullah Xomeyninin şəklini cırması ilə bağlı kadrları tənqid ediblər.
Kərrubi və Musəvi İmam Xomeyninin şəklinin cırılması ilə bağlı süjeti tənqid ediblər

İran müxalifətinin liderləri - prezidentliyə keçmiş namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvi İran telekanalında yayımlanan naməlum şəxsin ayətullah Ruhullah Xomeyninin şəklini cırması ilə bağlı kadrları tənqid ediblər. Məlumatı "Cumhuri İslami" ("İslam Respublikası") qəzeti yazır.

İran dövlət televiziyası rəhbərinin məlumatına görə, Kərrubinin yazdığı məktubda deyilir ki, ilk dəfədir televiziyada belə kadrlar yayımlanır.

"Təəssüf ki, kadrda şəkli cıran insanın yanında etiraz edən tələbələr də düşüb və nəticədə belə təəssürat yaranır ki, tələbələr bu aksiyanı dəstəkləyirlər", - Kərrubinin məktubunda deyilir.

İran televiziyasının dekabrın 7-də saat 20:30 buraxılışında və bir neçə başqa buraxılışlarında Tələbə günü ilə əlaqədar keçirilən mitinqin yaxınlığında bir neçə nəfərin Prezident Mahmud Əhmədnejadın, hazırkı ali lider Əli Xamneyinin və keçmiş ali lider Ruhullah Xomeyninin şəkillərini cırdıqları görünən kadrlar yayımlanıb.

İmam Xomeyni əsərlərinin toplanması, sistemləşdirilməsi, hazırlanması və nəşri üzrə müəssisənin icraçı direktor müavini Həmid Ənsari də İran dövlət televiziyasının rəhbəri İzzətullah Zərqamiyə baş verənləri tənqid edən məktub göndərib.

Məktubda deyilir ki, televiziyada İslamın təməlini və milli birliyi sarsıdan bu kimi süjetlər nümayiş olunmamalıdır.

"Cumhuri İslam" qəzetinin məlumatına görə, Musəvi bu kadrlarla bağlı suala cavab verərək bildirib ki, onun tərəfdarları İranın keçmiş ali liderinə cüzi də olsa hörmətsizlik edə biməzdilər.

"Mən heç vaxt inanmaram ki, tələbələr bu cür hörmətsizlik edə bilərlər, onlar həmişə İmam Xomeyniyə sevgi göstəriblər", - Musəvi deyib.

"Məndə hadisə ilə bağlı dəqiq məlumat yoxdur, amma mən belə bir aksiyanın həqiqətən də olduğuna şübhə edirəm, əgər bu baş veribsə də, dövlət televiziyası tərəfindən bu kadrların nümayiş olunması səhvdir", - o əlavə edib.

Musəvinin sözlərinə görə, bu kimi kadrların yayımlanmasını xarici telekanallardan gözləmək olardı, lakin İslam inqilabı zamanı yaradılmış milli televiziyanın belə süjet göstərməsi mümkün deyil.

İran KİV-lərinin yazdığına görə, bir çox təşkilatlar, siyasi və ictimai hərəkatlar bu kimi kadrlardan qəzəblənərək etiraz aksiyası keçiriblər.

Xəbər lenti

Xəbər lenti