Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva/
BMT-nin Baş katibi dünya ictimaiyyətini irqçilik və irqi ayrı-seçkiliyin müxtəlif formalarını aradan qaldırmaq cəhdlərinin artırılmasına çağırıb.
BMT-nin Azərbaycan Nümayəndəliyindən cümə axşamı Trend -a verilən məlumata görə, baş katib Pan Gi Munun Beynəlxalq irqi ayrı-seçkiliyin ləğv olunması günü münasibətilə dünya ölkələrinə müraciətində belə deyib.
"Ən gözəl niyyətlərimizi hüquqi standartlara və onlara əməl etmək istəyinə çevirməliyik. Hər şeydən əvvəl isə gəlin, bəşəriyyətin zəngin müxtəlifliyini qoruyaq və hər kəsə məxsus ləyaqət və bərabərliyə hörmət edək", - deyə Baş katib müraciətində vurğulayıb.
Cənubi Afrikanın FİFA Dünya Çempionatını öz ərazisində qəbul edən ilk Afrika ölkəsi olması ilə əlaqədar builki beynəlxalq irqi ayrı-seçkiliyin ləğv olunması gününün qeyd olunması irqçilik və idmanın qarşılıqlı münasibətlərinə həsr edilib.
Baş katib qeyd edib ki, biz idman təşkilatlarını ayrı-seçkiliyə qarşı sərt siyasət yeritmək, həmçinin, irqi ayrı-seçkilik hərəkəti törətmiş şəxsləri cəzalandıraraq, zərərçəkmişlər üçün ədalətin bərqərar olunması naminə əsaslar yaratmağa çağırırıq.
"İdman hüquqlardan məhrum edilmiş cəmiyyətləri səlahiyyətləndirə, bizim dünyagörüşümüzə təsir edə və milyonlarla insanı ilhamlandıra bilər", - Pan Gi Mun bildirib.
Hər il 21 mart tarixində dünya Beynəlxalq irqi ayri-seçkiliyin ləğv olunmasi gününü qeyd edir.
1960-cı ildə, Cənubi Afrikanın Şarpervil qəsəbəsində aparteid qanunlarına etiraz edən onlarca dinc nümayişçi hökumətin polis qüvvələri tərəfindən gülləbaran edilərək qətlə yetirilib.
1966-cı ildə BMT Baş Assambleyası 2142(XXİ) saylı qətnaməsi ilə həmin tarixin Beynəlxalq irqi ayrı-seçkiliyin ləğv olunmasi günü kimi qeyd edilməsini təsdiq edib.