İranın cüdo üzrə milli komandasının sabiq üzvü Vəhid Sərlək Almaniyadan sığınacaq istəyib və bir daha İrana qayıtmaq istəmədiyini bildirib. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
Məlumatda bildirilir ki, Sərlək cari ilin mart ayında Almaniyanın cüdo komandalarından biri ilə müqavilə bağlamaq məqsədi ilə həmin komandanın məşqlərində iştirak edir. O bildirib ki, Almaniyanın cüdo üzrə milli komandasının tərkibində yarışlara qatılacaq.
Sərlək İran milli komandasından imtina etməsinə səbəb kimi maliyyə problemlərini və İranın cüdo federasiyası tərəfindən ona diqqət yetirilmədiyini göstərib. "Federasiyanın mənə ehtiyacı olmadığını hiss etdiyim üçün qərara gəldim ki, öz gələcəyimi İrandan kənar bir ölkədə qurum", - o deyib.
"Federasiyanın yanlış siyasətindən yorulmuşam və bir daha İrana qayıtmayacağam. Sığınacaqla bağlı artıq müraciət etmişəm və bundan sonra Almaniya milli komandası üçün çalışacağam", - cüdocu deyib.
Məlumatda bildirilir ki, bundan əvvəl cüdo üzrə milli komandanın digər bir üzvü Ehsan Rəcəbi isə ABŞ-dan sığınacaq istəyib. Rəcəbi yaxın gələcəkdə ABŞ-ın cüdo üzrə milli komandasında iştirak edəcək.