...

İranda keçirilən paradda ballistik raketlər nümayiş olunub

Dünya xəbərləri Materials 22 Sentyabr 2011 12:35 (UTC +04:00)
Bu gün İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə keçirilən hərbi paradda ballistik raketlər, uzaqmənzilli "Şahab", "Qadr F", "Siccil" raketləri və radardan yayına bilən "Qalxanbalığı" təyyarəsi nümayiş olunub.
İranda keçirilən paradda ballistik raketlər nümayiş olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə keçirilən hərbi paradda ballistik raketlər, uzaqmənzilli "Şahab", "Qadr F", "Siccil" raketləri və radardan yayına bilən "Qalxanbalığı" təyyarəsi nümayiş olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, paradda, həmçinin "Zülfüqar", "T55" və inkişaf etdirilmiş "T72" tankları, "Qasid 3", "Şahin" raketləri və İranın istehsalı olan müxtəlif növ katerlər, silahlar nümayiş olunub.

Bu gün keçirilən hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak ediblər. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.

Xəbər lenti

Xəbər lenti