...

Özbəkistanda akademik Ziya Bünyadovun əsərlərindən ibarət toplu dərc edilib

Dünya xəbərləri Materials 8 İyun 2012 14:58 (UTC +04:00)
Özbəkistanda Azərbaycanın görkəmli şərqşünas alimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun əsərlərindən ibarət toplu özbək dilində nəşr edilib.
Özbəkistanda akademik Ziya Bünyadovun əsərlərindən ibarət toplu dərc edilib

Özbəkistan, Daşkənd, 8 iyun /Trend, müxbir D.Əzizov/

Özbəkistanda Azərbaycanın görkəmli şərqşünas alimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun əsərlərindən ibarət toplu özbək dilində nəşr edilib.

Trend-in məlumatına görə, "Ziya Bünyadovun araşdırmalarında Mərkəzi Asiyanın tarixi" toplusunu Özbəkistanın görkəmli şərqşünas alimləri A.Əhmədov, H.Bobobekov, filoloq alimlər, professor H.Boltaboyev, M.Mahmudov, M.Kuşmokov, Azərbaycan alimi F.Əsədov hazırlayıblar.

Toplunun ön sözündə görkəmli şərqşünasın Mərkəzi Asiya xalqlarının tarixi məsələlərinə həsr edilmiş elmi əsərlərinin qısa icmalı verilir.

Topluda "Xarəzmşahlar - Anuştekinidlər dövləti (1097-1231-ci illər)" monoqrafiyası, habelə araşdırmaçının bir neçə elmi məqaləsi dərc edilib.

Qeyd edək ki, "Xarəzmşahlar - Anuştekinidlər dövləti" monoqrafiyası Bünyadovun ən görkəmli əsərlərindən biri və regionun siyasi, iqtisadi, sosial və mədəni proseslərində aparıcı rol oynamış bu orta əsrlər dövlətinin tarixi ilə bağlı ən bütöv əsəridir.

Kitab dəfələrlə həm Azərbaycanda, həm də ölkədən kənarda dərc edilib, bir çox dillərə tərcümə olunub.

Ziya Musa oğlu Bünyadov 1988-ci ildə tarix və ədəbiyyatın tədqiqi sahəsində xidmətlərinə görə "Ürgənc şəhərinin fəxri vətəndaşı" mükafatına layiq göürülüb. Ürgənc Özbəkistanın tarixi şəhəridir, vaxtilə Xarəzmşahlar dövlətinin paytaxtı olub.

Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkənin elmi qurumları ilə birgə kitabın bu ilin payızında təqdimatını keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti