Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Suriyaya yerli ermənilər üçün humanitar yardım aparan Ermənistan Hava Yollarına məxsus "Antonov AN 12" markalı təyyarə cümə axşamı Türkiyədə ilkin razılaşma üzrə eniş edib. Bu barədə "AIR Armenia" şirkəti məlumat verib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Türkiyə hakimiyyəti cümə axşamı səhər ölkənin şərqindəki Ərzurum şəhərinin aeroptunda Rusiyaya humanitar yük aparan Ermənistan təyyarəsini baxış keçirilməsi üçün yerə endirib. Bu barədə yerli KİV xəbər verib. "NTV" teleşirkətinin məlumatına görə, yük təyyarədən düşürülüb və ekspertlər ona baxış keçiriblər. Rəsmi hakimiyyət hələlik təyyarəyə rəsmi baxışla əlaqədar heç bir bəyanat verməyib.
Bu artıq Ərzurumda Ermənistandan uçan təyyarənin yoxlanılması üçün endirilməsi ilə bağlı ikinci hadisəsidir. Birinci hadisə oktyabrın 15-də baş verib: səkkiz saatlıq yoxlamadan sonra Yerevan-Hələb reysini yerinə yetirən təyyarəyə uçuşu davam etdirməyə icazə verilib.
Bir müddət əvvəl Türkiyə hakimiyyəti bildirib ki, içərisində silah olub-olmamasının yoxlanılması məqsədilə Suriyaya gedən nəqliyyat təyyarələrinə baxış keçiriləcək.
Suriya erməniləri üçün humanitar yardım aparan ikinci reys Türkiyədən yan keçərək "Suriya Hava Yolları" aviaşirkəti vasitəsi ilə göndərilmişdi. Bu yük Yerevandan Hələbə İran və İraqın hava məkanı vasitəsilə çatdırılmışdı.
Suriyada böyük erməni icması yaşayır. Müxtəlif qiymətləndirilmələrə görə, icma üzvlərinin sayı 80-100 min nəfərdən ibarətdir. Onlardan 50-60 mini Hələbdə, qalanları Latakiyada, Dəməşqdə, Kesabedə və əl-Qamışlıda yaşayır.
Ermənistanda Suriya erməniləri üçün humanitar yardımın toplanması ilə "Qardaşa Kömək et" ictimai təşəbbüsü məşğul olur.
Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-dən verilən müxtəlif məlumatlara görə, indiyə kimi ölkədə 20 mindən 30 mindək insan zorakılığın qurbanı olub.