Gürcüstan, Tbilisi, 29 avqust /Trend, müxbir N.Kirtsxaliya/
Acarıstan hökumətinin sədri Arçil Xabadze müsəlman icmasına söz verib ki, Adiqensk rayonunun Çela kəndində (Gürcüstanın cənubu, Samsxe-Cavaxetiya) minarə cümə axşamı qaytarılacaq.
Xabadze ötən gecə Batumi məscidində dindarlarla görüşüb və Gürcüstanın Baş nazirinin dəstək sözlərini onlara çatdırıb. Onun sözlərinə görə, Bidzina İvanaşvili müsəlman icmasına dəstək olduğunu bildirib və bu məsələnin vaxtında həll olunacağına ümid etdiyini bildirib.
Acarıstan hökumətinin rəhbəri bildirib: "Bildiyiniz kimi araşdırmalar aparılır. Səhv buraxanlar cəzalandırılacaqlar. Ekspertizanın tezliklə yekunlaşdırılması və minarənin qaytarılması üçün bütün səylər göstəriləcək".
Çela kəndində yerləşən məscidin minarəsi ay yarım əvvəl tikilib. Gürcüstan hökumətinin rəsmi bəyanatında bildirilir ki, ötən həftə minarə konstruksiyanın çəkisinin və onun ticarət kodunun yoxlanılması məqsədilə sökülüb. Bundan sonra nazirlik minarəni yerinə qaytaracağına söz verib.