Azərbaycan, Bakı, 22 noyabr /Trend/
"Altılıq" danışıqlarının yekunları üzrə İranın nüvə proqramının sülh xarakterini sübut edəcəyi sənəd qəbul olunmalıdır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maykl Mann jurnalistlərə bildirib.
M.Mann Cenevrədə danışıqların ikinci gününün yekunları üzrə deyib: "Bu danışıqlar prosesi beynəlxalq ictimaiyyəti İranın nüvə proqramının tamamilə dinc xarakterli olmasına inandıran sazişlə başa çatmalıdır. Bu, mürəkkəb prosesdir. Bu saziş hamı üçün birmənalı olmalıdır".
Cümə axşamı Eşton İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə ümumilikdə təxminən beş saat davam edən iki ikitərəfli görüş keçirib.
Mannın bildirdiyinə görə, söhbət "ciddi, mühüm məsələlərdən" gedib.
Danışıqlar cümə günü, noyabrın 22-da davam edəcək və yerli vaxtla səhər saat 9-a planlaşdırılan Eşton - Zərif görüşü ilə başlayacaq.