Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Polislər "Həqiqi ordu" təşəbbüsünün üzvlərinə və erməni ordusunda qeyr-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların analarına Ermənistan ordusunun yaranmasının 22 illiyi münasibəti ilə bayram konsertinin keçirildiyi Yerevan Opera və Balet Teatrının binasına yaxınlaşmağa icazə verməyiblər. Trend-in məlumatına görə, bu barədə Ermənistan "Epress.am" saytı xəbər verir.
"Orduda qətllərə və zorakılığa yox!" şüarı altında keçirilən aksiyanın iştirakçıları Aram Xaçaturyanın abidəsi qarşısına toplaşıblar. Burada aksiya iştirakçılarını onlarla asayiş keşikçisi qarşılayıb.
Polislər etirazçıların binaya daxil olmasını əngəlləmək üçün onların qarşısında canlı sipər çəkiblər.
Qeyri-döyüş şəraitində həlak olmuş Valeri Muradyanın anası Nana Muradyan sipəri yarıb keçmək istəsə də, onu kənara itələyiblər.
Polislərin nümayişçilərə toplaşmaq üçün icazə verdikləri Opera Teatrının binasının yaxınlığındakı Azadlıq Meydanında mülki fəal Vardqes Qaspari saxlanılıb. O, etiraz əlaməti olaraq burada yerə döşənmiş bayram xalçasının üzərində uzanıbmış.