Rus xəbərlər xidməti
Elmira Tarıverdiyeva - Trend:
"Məgər dünyada əriyin qiyməti düşüb?" - deyə soruşa bilərsiniz. Axı, bu, Ermənistanın malik olduğu yeganə "strateji" sərvətdir.
Neftin qiymətinin düşməsi heç nəyi olmayan bir ölkəyə necə təsir edə bilər və niyə bütün beynəlxalq institutlar Ermənistanın iqtisadi reytinqini azaldıblar?
Heç də hər şey belə sadə deyil. Ermənistan gəlirlərlə yox, sədəqələrlə yaşayır və əgər "həmişə verən"in əli kasıblayıbsa (sanksiyalar heç kimdən yan keçmir), "həmişə alan"ın da ciddi problemləri yaranır.
İndi isə təfsilata keçək.
Dünyanın maliyyə institutlarındakı enişinə baxmayaraq, Ermənistan 2015-ci ilin iqtisadi artımları barədə proqnoza yenidən göz atmaq istəmir. Bunu "Reuters"ə müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan birbaşa xarici investisiya şəklində 2 milyard dollardan çox mədaxil gözləyir. Lakin təzad ondadır ki, heç bir investorun Ermənistana sərmayə qoymaq üçün kiçik bir əsası belə yoxdur. Başlıca beynəlxalq maliyyə avtoriteti sayılan Beynəlxalq Valyuta Fondu aprel ayında Ermənistanın iqtisadi artımına dair proqnozunu 3,3 faizdən sıfıra endirib. Dünya Bankı da "ərik respublikası" üçün zəif və ya mənfi iqtisadi artım proqnozlaşdırır. Bunları nəzərə alsaq, bu ölkənin can verən iqtisadiyyatına sərmayə qoyacaq intiharçı-investoru təsəvvür etmək çətindir.
Və zamanla, bu situasiya daha da pisləşəcək. Məsələ ondadır ki, hələ sovet dövründən Ermənistanın istehsala yox, istehlaka əsaslanan cılız iqtisadiyyatı müstəqillik illərində Rusiya, ABŞ və Fransadakı erməni diasporunun sədəqələrilə ayaqda qalıb. Heyf. Bu gün ordan da kömək gözləməyə dəyməz. Qiymətlərin düşməsi və Moskvaya qarşı tətbiq olunan sanksiyalara görə, diasporçuların özlərinin də gəliri azalıb.
Bundan başqa, Rusiyada çalışan bir çox erməni ailə başçısı maliyyə böhranına görə işini itirib və daha evə pul göndərə bilmir.
Həssas şəkildə rus rubluna bağlı olan Ermənistan dramı öz "böyük qardaşı"nın ardınca çökməyə başladı. Ermənistanın Rusiya, Belarus və Qazaxıstanla zəif qabiliyyətli ticarət ittifaqında birləşməsi isə, heç cür Aİ ilə mümkün əməkdaşlığın yerini verə bilmir.
İqtisadi böhranın öz ardınca siyasi böhran da gətirəcəyi heç bir şübhə doğurmur. Ermənistan KİV-inin davamlı informasiya iddialarına görə, Ermənistan hakimiyyətinin əksər nümayəndələri dəyişikliklər gözləntisi ilə "qeybə çəkiliblər".
"Joxovurd" yazır ki, nazirlərin böyük hissəsi gözləmədədir, çünki tezliklə hökumətin dəyişəcəyi ilə bağlı hakimiyyətin pərdəarxasında söhbətlər gəzir. Bir çoxları öz vəzifələrini qorumaq üçün vasitəçi tapmağa çalışır.
Çətin ki, bu tədbirlər hər il iqtisadi uçurumun kənarında dolaşan, bu ilin əvvəlindən isə o uçuruma yıxılmağa hazır olan bir ölkəyə kömək eləsin.