İran, Tehran. Təmkin Cəfərov - Trend:
İranın 19 növ məhsulunun Rusiyaya ixracı üçün mövcud maneələr aradan qaldırılıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Rusiya Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.
M.Vaezi bildirib ki, Tehrana səfər etmiş Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşündə bu məsələ müzakirə edilib: "İran-Rusiya birgə iqtisadi komissiyasının iclasında əldə olunmuş nailiyyətlər haqqında müzakirələr apardıq. İran və Rusiya arasında əməkdaşlıq üçün əvvəlcə bir il ərzində birgə komissiya çərçivəsində, sonra 4-5 il ərzində ortamüddətli əməkdaşlıq, daha sonra isə 20 illik strateji əməkdaşlıq üzrə yol xəritəsinin icrası ilə bağlı razılıq əldə olundu".
O, qeyd edib ki, həmçinin Rusiyanın İrana 5 milyard dollar və 2 milyard avro kredit ayırması ilə bağlı razılığa gəlinib.
M.Vaezi deyib ki, D.Roqozinlə görüşdə İranın qeyri-neft məhsullarının ixracı üzrə tariflərin aşağı salınması ilə bağlı razılıq əldə edilib: "Kənd təsərrüfatı, elektrik enerjisi, nəqliyyat, su və neft-kimya sahələrində 30 milyard dollar dəyərində layihələrimiz var və ümid edirəm ki, növbəti 4-5 il ərzində bu layihələr də icra olunacaq".
Nazir deyib ki, İran və Rusiya, həmçinin telekommunikasiya və məsafədən zondlama peykləri sahəsində əməkdaşlıq üçün razılığa gəliblər.
Xatırladaq ki, D.Roqozinin rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 17-də İrana səfər etmiş, İran rəsmiləri ilə müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün müzakirələr aparılmışdı.