Bakı. Trend:
Fransanın Anje şəhərində polislər üzərində partlayıcı maddələrin olduğunu bildirən və yanacağın qiymətinin artmasına qarşı etiraz aksiyası keçirənlərin Yelisey sarayında qəbul edilməsini tələb edən şəxsin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər.
Trend-in məlumatına görə, sarı jilet geyinən aksiya iştirakçısı bildirib ki, jiletin altında qumbara və çantasında digər partlayıcı maddələr var. O, Fransa prezidenti Emmanuel Makronla görüş tələb edir.
Bildirilir ki, aksiya iştirakçısı daha əvvəl narkotik maddələrin alveri ilə əlaqədar məsuliyyətə cəlb olunub.
Fransanın daxili işlər naziri əməliyyatın keçirilməsi faktını təsdiq edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.