Bakı. Trend:
ABŞ Rusiyanı yeni kosmik yarışın iştirakçısı hesab etmir, burada yalnız Vaşinqton və Pekin iştirak edir.
Trend xəbər verir ki, bunu ABŞ-nin Milli Aerokosmik Agentliyinin (NASA) rəhbəri Bill Nelson deyib.
Onun fikrincə, Rusiya yaxın gələcəkdə Aya kosmonavt göndərmək iqtidarında deyil və deməli, yarışda iştirak etmir.
"Düşünmürəm ki, indi çoxları Rusiyanın bizim və ola bilsin, Çinin bəhs etdiyi müddətdə Aya kosmonavt göndərmək iqtidarında olduğunu desin. Bu səbəbdən kosmik yarış bizimlə Çin arasında gedir", - Bill Nelson deyib.
Çinlə rəqabətdən danışan NASA rəhbəri bildirib ki, Çinin Aya birinci çatmasını istəməzdi.
Qeyd edək ki, Rusiyanın Ay proqramında Yerin peykinə 2030-cu ildən sonra kosmonavt göndərilməsi nəzərdə tutulur.