Bakı. Trend:
Sentyabrın 7-də Gürcüstanın qərbində yağan güclü leysan yağışlarının yaratdığı torpaq sürüşməsi nəticəsində itkin düşmüş 3 nəfərdən birinin – azyaşlı uşağın cəsədi tapılıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, həlak olan uşaq Quriya rayonunun Djumati kəndinin sakinidir.
Xilasedicilər daha iki nəfərin axtarışlarını davam etdirirlər. Onların da biri azyaşlıdır.
Laqodexidə isə küləyin aşırdığı ağac bir qadının üstünə düşüb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Qeyd edək ki, avqustun 3-də yağan güclü leysan yağışları nəticəsində Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında da torpaq sürüşməsi baş vermişdi. Nəticədə kurort zonası və ətrafdakı bir neçə yaşayış massivi tam dağılmış, 31 nəfər ölmüşdü. İtkin düşmüş 2 nəfərin axtarışları isə hələ də davam edir.