Bakı. Trend:
Türkmənistanın iqtisadi nailiyyətləri sərgisi çərçivəsində İranın Aşqabaddakı fövqəladə və səlahiyyətli səfiri Qolam Abbas Ərbab Xales bildirib ki, bu ilin noyabrında Aşqabadda “İran Layihəsi” ("Iran Project") adlı İran mallarının ixtisaslaşdırılmış sərgisinin keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, İran tərəfi sərgidə texniki və mühəndislik xidmətləri, tikinti materialları, neft-kimya və enerji sənayesinin məhsullarını təqdim edəcək.
Diplomat həmçinin bildirib ki, oktyabrda İran və Türkmənistan arasında əməkdaşlıq üzrə müştərək komissiyanın 17-ci iclasının keçirilməsi planlaşdırılır. Tədbir Aşqabadda baş tutacaq.
Qeyd edək ki, sentyabrın 20-də Aşqabadda Türkmənistanın iqtisadi nailiyyətləri sərgisinin açılışı olub. Tədbir respublikanın müstəqilliyinin 32-ci ildönümünə həsr olunub.
Tədbirin məqsədi dövlət-özəl əməkdaşlığın səmərəliliyinə diqqət yetirməklə, Türkmənistan iqtisadiyyatının geniş miqyaslı potensialını üzə çıxarmaqdır.