Bakı. Trend:
ABŞ prezidenti Co Bayden HƏMAS-ın Qəzza zolağından edilən hücumları ilə əlaqədar İsrailə əlavə hərbi yardım göndərilməsi barədə tapşırıq verib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Ağ Evin Milli Təhlükəsizlik Qrupu bu səhər prezident və vitse-prezidentə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın hücumu ilə əlaqədar İsrailə əlavə yardım göndərmək qərarına gəlib", - deyə qeyd olunub.
Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.