Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Qəzzadakı vəziyyət barədə danışıqların səmərəli keçdiyini deyib.
Trend xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
"Uzun sürən və səmərəli danışıqlarımız oldu. Qəzzadakı böhranı, münaqişənin gərginləşməsinin qarşısını almaq üçün edilməsi mümkün olanları müzakirə etdik. Qəzzaya yardımların necə daxil olduğunu görürsünüz. Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün edilməsi mümkün olanları müzakirə etdik", - o deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton Qəzzada humanitar atəşkəsin təmin olunması üzrə səylərini davam etdirir, belə ki, qadınlar və uşaqlar arasında qurbanların sayı artır.
"Biz həmçinin (İordan çayının) qərb sahilində zorakılığın şiddətlənməsindən narahatıq", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün gecə saatlarında Ankaraya gəlib. Blinkenlə Fidanın görüşü təqribən 2 saat yarım davam edib. Xarici İşlər Nazirliyində keçirilən görüşdən əvvəl Hakan Fidan və Antoni Blinken mətbuata bəyanatlarla çıxış ediblər.