Bakı. Trend:
İran hazırda minimum endirimlərlə öz xam neftini ixrac edir.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci bu gün (10 mart) İranın Qətərlə müştərək qaz yatağı olan Cənubi Pars qaz yatağında (Qətərdə Şimal Günbəzi) təzyiqin artırılması milli layihənin icrası istiqamətində müqavilənin imzalanması ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
C.Oucinin sözlərinə görə, hazırda İranın xam neft ixracı 5 il öncə ilə (21 mart 2018 -20 mart 2019) müqayisədə daha çoxdur.
Qeyd edək ki, 2018-ci ildə ABŞ İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Çin və Almaniya) arasında icra olunan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edərək İranın qarşı sanksiyalar tətbiq edib və İranın xam neft ixracına məhdudiyyətlər tətbiq edib. İranın neft nazirinin elan etdiyi ildə İranın xam neft hasilatı gündəlik təxminən 3,9 milyon barel, xam neft ixracı isə gündəlik təxminən 1,7-1,75 milyon barel təşkil edib.
İranlı nazir qeyd edib ki, İran cari İran ilinin əvvəlindən (21 mart 2023) indiyədək (10 mart) neft və qaz sahəsində böyük iqtisadi inkişafa nail olub. Bu inkişaf gələn ildə də davam edəcək. Hazırda xam neft hasilatı və ixracını artmasından əlavə, investisiya yatırımı və yerli istehsal üzrə neft sektoru ölkədə ilk yeri tutur.
Ouci bildirib ki, yaxın vaxtlarda İranın İraqla müştərək neft yatağı olan Cənubi Azadeqan neft yatağının rəsmi şəkildə istifadəyə veriləcək.
Qeyd edək ki, bu gün (10 mart) İranda Cənubi Pars qaz yatağının təzyiqinin artırılması milli layihəsinin icra olunması ilə əlaqədar İranın Pars Neft-Qaz Şirkəti ilə Petropars, Neft Sənayesi Mühəndisliyi və Konstruksiya Şirkəti (Oil Industries Engineering and Construction (OIEC), Xatəmul-Ənbiya Quruculuq Qərargahı, Mapna Şirkəti və Nargan Şirkəti arasında imzalanıb.
Qeyd edək ki, İranın Cənubi Pars qaz yatağında 28 fazası var. İran 2002-ci ildən bu yataqdan hasilata başlayıb. İranın hazırda bu fazalardan ümumilikdə gündəlik 700 milyon kubmetr qaz hasil etdiyi bildirilir. İranın yataqda 90 milyard dollar dəyərində vəsait xərclədiyi təxmin edilir. Qaz yatağında hasil edilə biləcək qazın təxminən 33%-nin İrana məxsus olduğu qeyd edilir. Yatağın İran tərəfində fazalar İran tərəfindən inkişaf etdirilib, Qətər tərəfində isə əsasən xarici şirkətlər tərəfindən inkişaf etdirilib.
Əlavə edək ki, Cənubi Pars Qaz Yatağı (Qətərdə Şimal Günbəzi) İran və Qətər arasında birgə qaz yatağıdır. Bu yatağın 51 trilyon kubmetr qaz ehtiyatının olduğu və onun 36 trilyon kubmetrinin çıxarılmasının mümkün olduğu bildirilir. İranın bu yataqdakı payı 14 trilyon kubmetr qaz, 18 milyard barel qaz kondensatıdır.
