Bakı. Trend:
Tacikistanın Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Moskvada törədilən terror aktı ilə əlaqəli olduğuna dair məlumatı təkzib edib.
Trend bu barədə Tacikistan XİN-ə istinadən xəbər verir.
"Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri! Moskada "Crocus City" konsert kompleksində baş verən terror aktı ilə əlaqədar olaraq Tacikistan vətəndaşlarının və ya tacikistanlıların bu aktla əlaqəli olduğuna dair məlumatın yayılmasına məsuliyyətli yanaşmanın zəruriliyinə diqqət çəkirik.
Vurğulayırıq ki, Tacikistan tərəfi rəsmi Rusiya hakimiyyəti tərəfindən Tacikistan vətəndaşlarının terror aktı ilə əlaqəli olması ilə bağlı hazırda yayılan yalan məlumata dair təsdiq almayıb. Bununla əlaqədar olaraq Rusiyanın dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara əsaslanmağınızı xahiş edirik", - deyə Tacikistan XİN bildirib.
Qeyd olunub ki, yoxlanılmamış və həqiqi olmayan məlumatların yayılması hazırda ölkədən kənarda olan Tacikistan vətəndaşlarına zərər yetirə bilər.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.