Bakı. Trend:
Kreml ümid edir ki, Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki çətin məqamlar dialoq yolu ilə həllini tapacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Tezliklə Rusiya və Ermənistan liderlərinin hər şeyi müzakirə etmək imkanı olacaq, dialoqlar iş səviyyəsində gedir, bu da çox vacibdir.
Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır, müttəfiqidir, Rusiya Federasiyasının MDB, Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatı və təbii ki, tarixi ikitərəfli münasibətlər kimi bir çox inteqrasiya formatlarında birləşdiyi ölkədir”.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə mübahisə etmək istəmir, lakin onunla münasibətlər transformasiya olunur.
Baş nazir parlamentdə bəyan edib ki, hazırda “tarixi Ermənistan”la Rusiya arasındakı münasibətdən “əsl Ermənistan”la Rusiya arasındakı münasibətlərə keçid baş verir.
"Bu, bəzən Ermənistandakı daxili transformasiya qədər ağrılı olur. Amma bu transformasiyanı "müsbət hekayələrlə" doldurmaq üçün hər şeyi etmək lazımdır. Ermənistan Rusiya ilə bu cür işə hazırdır”, - deyə o əlavə edib.