...

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının prioritetidir - Hakan Fidan

Dünya xəbərləri Materials 25 İyun 2024 13:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Regionda müharibələrə son qoyulması Türkiyə diplomatiyasının prioritetidir. Bu, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini əks etdirir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran və Ukraynada tökülən qanlar dünyada parçalanmanı artırır, qlobal qarşıdurma qütblərini formalaşdırır.

Hakan Fidan qeyd edib ki, Ukrayna ətrafında yaranmış böhranın nəticələrindən biri Rusiya Federasiyası, Şimali Koreya, Çin və İranın yaxınlaşması, bu ölkələrin “tərəfdaşlığının strukturlaşması” olub.

Türkiyəli nazir əmin edib ki, Ankara Ukraynada qan tökülməsini dayandırmaq üçün diplomatik səylərə hər cür dəstəyi verməyə hazırdır.

Diplomatiya rəhbəri bildirib ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynada sülh mövzusunu müzakirə edib. “Rusiyada keçirilən bütün görüşlərdə mən artıq 500 mindən çox insanın həlak olduğu, infrastrukturun dağıdıldığı, milyonlarla insanın evlərini tərk etdiyi, Rusiya ərazilərinə də zərbə zonasının yayılmağa başladığı Ukraynaya sülhsevər yanaşmanın vacibliyini qeyd etdim”, -deyə Türkiyənin xarici işlər naziri bildirib.

Hakan Fidan Ukraynada müharibənin ilkin mərhələsində və bu gün istifadə edilən silah növləri arasında paralellər aparıb. “Tamamilə fərqli məhvetmə diapazonu var. Qan tökülməsi davam etdikcə, tərəflər getdikcə daha da ölümcül silahlardan istifadə edərək döyüş meydanında vəziyyəti dəyişməyə çalışacaqlar. Təəssüf ki, nüvə silahından istifadə riski istisna olunmur, Üçüncü Dünya müharibəsi təhlükəsi də gündəmdən çıxarıla bilməz”, - deyə türkiyəli nazir bildirib.

Aparıcının Ukrayna ilə bağlı İstanbul prosesinin bərpa olunma ehtimalı haqqında sualına cavab verən Fidan qeyd edib ki, hər şey tərəflərin siyasi iradəsindən asılıdır. Vəziyyətə ayrı-ayrı Qərb ölkələrində “kritik seçki prosesləri” də təsir edir.

“Düşünürəm ki, Avropa və ABŞ-da keçiriləcək seçkilərdən sonra çox şey aydınlaşacaq. Türkiyəyə gəlincə, biz də öz tərəfimizdən Ukrayna ilə bağlı bütün mümkün vasitəçilik imkanlarından istifadə etməyə hazırıq”, - deyə nazir əmin edib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri iyulda Qazaxıstanda keçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə və Rusiya liderlərinin şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Ankaranın Avropa Birliyinə (Aİ) daxil olması ilə bağlı dialoq mövzusunu şərh edən Fidan bildirib ki, bir çox avropalı siyasətçilər uzun illərdir “Avropaya yad mədəniyyətin” daşıyıcısı kimi Türkiyədən uzaqlaşmaq zərurətinə dair təhrif olunmuş fikirlər səsləndirir. “Bu kateqoriyadan olan siyasətçilərin fikrincə, Ankaranın Aİ-yə üzvlüyünün müzakirəsi millətçilər arasında narazılıq yarada və Qərbdə sağçıların mövqelərini gücləndirə bilər”, -deyə türkiyəli nazir vurğulayıb.

O əlavə edib: “Lakin fakt bundan ibarətdir ki, “qeyri-Avropa” məzmunlu hər şeyi rədd etmək siyasəti təkcə Avropa İttifaqının özünün dəyərlərinə zidd deyil, həm də artıq bu qitənin özündə milli və dini azlıqların hüquqlarının çoxsaylı pozulmasına, sağçı hisslərin artmasına səbəb olub. Bunu Avropanın müxtəlif ölkələrində keçirilən seçkilərin nəticələri də sübut edir”, –deyə diplomatiya rəhbəri qeyd edib.

Türkiyəli nazirin sözlərinə görə, Avropa liderlərinin Türkiyəyə münasibəti və populizmə arxalanması kökündən yanlışdır. O bildirib: “Təəssüf ki, bugünkü Avropada siyasətçilər geosiyasi prioritetlər və çağırışların real həlli yollarından daha çox öz karyeraları haqqında düşünürlər”.

Diplomatiya rəhbəri Qərbdəki sağçı qüvvələri Türkiyənin milli təhlükəsizliyinə və türk diasporuna təhdid adlandırıb.

Hakan Fidan daha sonra Ankaranın bölgədə terror təhlükəsi ilə mübarizə vizyonunu bölüşüb.

O qeyd edib ki, Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələrlə dialoqunda Suriyada fəaliyyət göstərən terrorçularla mübarizə kontekstində problemlər var. “Bu üç ölkə PKK terrorçularının Suriya qanadı YPG ilə təmaslarına açıq şəkildə haqq qazandıra bilməz”, - deyən Fidan Türkiyənin cənub sərhədlərində terror təhlükəsinin tamamilə aradan qaldırılması məsələsində Ankaranın mövqeyinin sarsılmaz olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti