Bakı. Trend:
Banqladeşin baş naziri Şeyx Hasina istefa verib və bacısı ilə birlikdə ölkəni tərk edib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.
KİV yazır ki, baş nazir ötən gün Banqladeşdə baş verən etirazlar fonunda istefa verib. İğtişaşlar nəticəsində 100-ə yaxın insan həlak olub.
Son məlumatlara görə, istefa verən baş nazir Böyük Britaniyadan sığınacaq istəyib.
Qeyd edək ki, Hasinanın bacısının Böyük Britaniya vətəndaşlığı var.
Xatırladaq ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində kütləvi etirazlar başlayıb. Etirazçılar 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarının ləğvini tələb edir.
Əvvəlcə dinc xarakterli başlayan aksiyalar sonradan 170-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib. Hökumət isə buna cavab olaraq paytaxtda komendant saatı tətbiq edib, rabitə əlaqəsini kəsib və televiziya kanallarını bağlayıb. İyulun 21-də Banqladeş Ali Məhkəməsi əksər iş yerləri üzrə kvotaları ləğv edib.