Bakı. Trend:
ABŞ hərbçiləri Yəməndə husilərə məxsus ərazilərdə iki raketi və idarəetmə stansiyasını məhv edib. Həmçinin ABŞ qüvvələri Qırmızı dənizdə yaraqlıların bir suüstü dronunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat verib.
Bildirilib ki, bu əməliyyatlar 8 avqust tarixində həyata keçirilib. Qeyd olunub ki, US CENTCOM “İranın dəstəklədiyi husilərə məxsus iki gəmi əleyhinə qanadlı raketi” və Yəməndə yerləşən bir yerüstü idarəetmə stansiyasını məhv edib.
Bundan əlavə, ABŞ hərbi qurumu Qırmızı dənizdə husilərə məxsus bir ekipajsız suüstü gəminin məhv edildiyini bildirib.
“Bu silahlar ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün aşkar və birbaşa təhlükə yaradıb”, – Mərkəzi Komandanlıq görülən tədbirləri vurğulayıb.
Həmçinin Amerika tərəfi qeyd edib ki, “İranın dəstəklədiyi husilərın bu məsuliyyətsiz və təhlükəli davranışı regional sabitlik və təhlükəsizliyi təhdid etməyə davam edir”.