Bakı. Trend:
Şri-Lankada şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində 118 mindən çox insan zərər görüb.
Trend xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ən çox ziyan adanın qərb və şimal bölgələrindəki sakinlərə dəyib. Suyun səviyyəsinin sürətlə yüksəlməsi nəticəsində bir həftə ərzində iki nəfər həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Təxminən 76 min insan evakuasiya edilib, 230-dan çox ev qismən və ya tamamilə dağılıb, məktəblər bağlanıb.
Yerli çaylarda suyun səviyyəsi hələ də yüksək olaraq qalır və meteoroloqlar növbəti 24 saat ərzində əlverişsiz hava şəraitinin davam edəcəyini bildiriblər.