...

Gürcüstan xalqı müharibə və inqilab üçün deyil, sülh və inkişaf üçün çalışır - Ekspert

Dünya xəbərləri Materials 19 Oktyabr 2024 12:44 (UTC +04:00)
Gürcüstan xalqı müharibə və inqilab üçün deyil, sülh və inkişaf üçün çalışır - Ekspert
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan xalqı müharibə və inqilabı yox, sülh və dayanıqlı inkişafı istəyir.

Bu barədə Trend-ə müsahibəsində gürcü ekspert David Çixelidze bildirib.

"Gürcüstanda seçkiqabağı kampaniya sakit atmosferdə keçir. Ölkə hər bir partiyanın öz baxışlarını sərbəst ifadə edib seçicilərə proqramlarını təklif edə biləcəyi Avropa dəyərlərinə uyğun, azad seçki mühiti nümayiş etdirir. Qeyd etmək lazımdəır ki, polis tamamilə siyasi təsirlərdən müstəqildir və siyasi rəqiblərə qarşı heç bir təzyiq yoxdur", – ekspert vurğulayıb.

D.Çixelidze, həmçinin, seçki prosesini gərginləşdirən bir sıra problemlərə diqqət çəkib. O, xüsusilə müxalifətin Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) davamlı hücumlarını qeyd edərək, bunun seçki sisteminə olan inamı zəiflətdiyini bildirib. MSK əməkdaşlarına mətn mesajları vasitəsilə təhdidlər göndərilməsi ictimaiyyətdə narahatlıq doğurub.

Analitik xarici qüvvələrin, xüsusilə də Qərbin Gürcüstandakı seçki prosesinə müdaxiləsindən dərin narahatlığını ifadə edib.

"Xarici müdaxilə Gürcüstanın parlament seçkilərinə misli görünməmiş səviyyəyə çatıb, bu isə bizim suverenliyimizin birbaşa pozulmasıdır. Son illərdə Gürcüstanın müstəqil və suveren dövlət kimi rolu əhəmiyyətli dərəcədə artıb.

Bu, Qərb üçün təhdid təşkil edir, çünki Gürcüstanın artan müstəqilliyi və iqtisadi inkişafı onların maraqlarına uyğun gəlmir. Qərb Gürcüstanın xalqın iradəsinə uyğun olaraq öz yolunu müstəqil şəkildə müəyyən edə biləcəyini qəbul etmək istəmir.

Ölkədə inqilab, müharibə və dağıntılar ilə nəticələnən Ukrayna ssenarisinə bənzər bir ssenari tətbiq etməyə çalışırlar. Amma mən Qərbə demək istəyirəm: Ukrayna ssenarisi Gürcüstanda təkrarlanmayacaq!", – David Çixelidze bildirib.

O, həmçinin, əlavə edib ki, gələcəkdə Qərb seçkilərin nəticələrini qəbul etməli və Gürcüstan xalqının seçdiyi hökumətlə işləməli olacaq.

"Qafqaz regionu və Gürcüstan Qərb üçün mühümdür, lakin biz bərabərhüquqlu dialoq gözləyirik. Biz heç bir ölkədən vassal münasibətinə dözməyəcəyik", – ekspert əlavə edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti