Bakı. Trend:
23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları Konqo Demokratik Respublikasının (KDR) şərqində Kambeleni yenidən nəzarət altına alıblar. Bir gün əvvəl bu şəhər hökumətyönlü könüllü Wazalendo qruplaşması və nizami qoşunların dəstəyi ilə üsyançılardan geri alınmışdı.
Trend xəbər verir ki, bu barədə “Actualite” xəbər portalı məlumat yayıb.
Məlumata görə, üsyançılar şəhərə yenidən daxil olaraq mərkəzi meydanda mitinq keçiriblər.
M23 döyüşçüləri keçən bazar Wazalendo milisləri ilə ağır döyüşlərdən sonra Kambeleni ələ keçirmişdilər. Lakin oktyabrın 22-də Konqo ordusunun dəstəklədiyi Wazalendo milisləri əks hücuma keçərək üsyançıları geri çəkilməyə məcbur etdilər. Bir gün sonra isə üsyançılar şəhərə nəzarəti yenidən bərpa etdilər.
Portal bildirir ki, çərşənbə axşamı keçirilən döyüşlərdə nizami qoşunlar iştirak etməyib. Kambelenin yerləşdiyi Şimali Kivu əyalətində avqust ayından etibarən Konqo ordusu ilə M23 üsyançıları arasında atəşkəs rejimi qüvvədədir. Şəhərdə təxminən 40 min nəfər əhali yaşayır.
23 Mart Hərəkatı 2012-ci ildə Konqo ordusundan fərarilər tərəfindən yaradılıb. 2021-ci ilin yanvarından etibarən M23 bölmələri KDR-nin şərqində döyüşməyə başlayıblar və bu müddət ərzində Şimali Kivuda bir neçə şəhər və qəsəbəni ələ keçiriblər. KDR hökuməti Ruandanı üsyançılara dəstək verməkdə ittiham edir. Wazalendo hərəkatı keçən il Konqo qoşunlarına dəstək məqsədilə yaradılıb.