...

Sərhəd yoxlamalarının tətbiqindən sonra Almaniyaya icazəsiz giriş halları 13 faiz azalıb

Dünya xəbərləri Materials 3 Noyabr 2024 20:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın bütün quru sərhədlərində yoxlamaların tətbiqinə başlandığı sentyabrın 16-dan oktyabrın 6-dək olan dövrdə, ölkəyə icazəsiz giriş halları əvvəlki üç həftə ilə müqayisədə 13 faiz azalıb.

Trend-in verdiyi məlumata görə, bu müddət ərzində ölkəyə icazəsiz daxil olmağa cəhd edən 3,464 nəfər aşkar edilib, onların 2,073-ü sərhəddən geri qaytarılıb. Avqustun 26-dan sentyabrın 15-dək olan dövrdə isə 3,984 icazəsiz giriş cəhdi qeydə alınıb ki, bunlardan da 2,353-ü geri qaytarılıb.

Almaniyanın daxili işlər naziri Nansi Fezerin qərarına əsasən, sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə də yoxlamalar başlayıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə yoxlamalar 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhədində isə 2015-ci ildən davam edir.

Sərhəd yoxlamalarının tətbiqindən sonra Lüksemburq, Belçika və Niderland ilə sərhədlərdə icazəsiz girişlərin sayı artıb. Eyni zamanda, bu il müvəqqəti yoxlamaların aparıldığı Almaniya-Fransa sərhədində icazəsiz girişlərin sayı 766-dan 567-yə düşüb.

Almaniyanın şərq sərhədlərində, yəni Polşa, Çexiya, İsveçrə və Avstriya ilə sərhədlərdə də icazəsiz girişlərin sayı sentyabrın 16-dan etibarən azalıb. Məsələn, Almaniya-Polşa sərhədində əvvəlki üç həftə ərzində etibarlı yaşayış icazəsi olmayan 847 nəfərin girişinin qarşısı alınmışdısa, bu say 631-ə enib.

Həmçinin, Avropa İttifaqının sərhəd nəzarəti agentliyi (Frontex) bu ilin ilk doqquz ayında Aİ-nin xarici sərhədlərinə icazəsiz girişlərin sayının 42 faiz azalaraq 166 minə yaxın olduğunu bildirib. Bu azalmanın səbəblərindən biri kimi, son aylarda Avropaya nizamsız şəkildə gələn miqrantların sayının azalması göstərilir.

Xəbər lenti

Xəbər lenti