Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə iki günlük səfərə gedir.
Trend xəbər verir ki, bu barədə baş nazirin aparatının bəyanatında bildirilib.
Bu, Kir Starmerin Körfəz ölkələrinə ilk səfəridir. Baş nazir səfər zamanı bölgənin kifayət qədər istifadə edilməmiş böyük potensialına diqqət çəkəcəyini bildirib:
"Mən Körfəz Əməkdaşlıq Şurası ilə azad ticarət sazişi üzrə irəliləyişin sürətləndirilməsi, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi və gələcəkdə tərəfdaşlıq layihələrinin həyata keçirilməsinin zəruriliyini vurğulayacağam", - deyə o əlavə edib.
Bəyanatda həmçinin qeyd olunub ki, London Böyük Britaniyanın həyata keçirdiyi enerji və infrastruktur layihələrinə Körfəz ölkələrinin investisiyalarına ümid bəslədiyini bildirib. Böyük Britaniyanın Birləşmiş Ərəb Əmirlikləri ilə illik ticarət dövriyyəsi 29,5 milyard dollar, Səudiyyə Ərəbistanı ilə isə 21,7 milyard dollar təşkil edir.
Starmer səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək və bu görüşlərdə Qəzza zolağı və bütövlükdə Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı planlaşdırılır.