Bakı. Trend:
Venesuelada 2024-cü ilin iyulun 28-də keçirilən prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etdikləri üçün saxlanılan 1515 nəfər sərbəst buraxılıb.
Trend xəbər verir ki, bu barədə Bolivar Respublikası Baş Prokurorluğunun yayımladığı kommünikədə məlumat verilib.
Prokurorluğun açıqlamasına görə, “seçkidən sonra zorakılıq törətmiş şəxslərin işlərinə baxılması üzrə davam edən iş çərçivəsində 2025-ci ilin yanvarın 3-də əlavə 146 işə baxılıb”. Həmçinin bildirilib ki, bu günə kimi azadlığa buraxılanların ümumi sayı 1515 nəfərə çatıb.
Seçkilərdən sonra iki gün ərzində ekstremist qrupların cinayətkar əməlləri nəticəsində 28 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb, 500-ə yaxın dövlət və şəxsi əmlak dağıdılıb.