Trend. Bakı:
ABŞ-nin yaxın günlərdə qəbul etdiyi yeni sanksiyalar siyahısına düşmüş Rusiyanın 3 tankeri Çin limanına buraxılmır.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” gəmilərin hərəkətini izləyən sistemə istinadən məlumat yayıb.
Məlumata görə, həmin tankerlər ümumilikdə ESPO markalı 2 millyon barrel neft daşıyır. Tankerlərin üçünün də Rusiyanın uzaq şərqində yerləşən Kozmino şəhərindən çıxdığı deyilir.
770 min barrel neft daşıyan “Huihai Pacific” gəmisi çərşənbə günü (yanvarın 15-i) təyinat limana daxil olmalı olsa da, həftəsonu kursunu dəyişib və hal-hazırda dənizin ortasında hərəkətsiz qalıb.
755 min barrel neft daşıyan “Mermar” gəmisi bu həftə təyinat nöqtəsinə çatmalı olsa da, o da sahil sularının yaxınlığında gözləməkdədir. “Olia” gəmisi isə (709 min barrel neft) hazırda Sarı dənizdədir.
Qeyd edək ki, Vaşinqtonun ötən həftə qəbul etdiyi yeni sanksiyalar paketi Rusiyanın neft-qaz sektoruna hədəflənib. Qara siyahıya ümumilikdə 180-dən çox gəmi düşüb.