Bakı. Trend:
ABŞ-də bəzi ərzaq mağazaları qıtlıq və əmtəə qiymətlərinin kəskin artması fonunda yumurta alışına məhdudiyyətlər qoyub.
Trend xəbər verir ki, bu barədə fevralın 7-də Nyu-Yorkun News 12 telekanalı məlumat yayıb.
"Ölkə üzrə digər ərzaq mağazaları kimi, ABŞ-nin bütün Lidl mağazalarında yüksək istehlak tələbi və təchizatçı çatışmazlığı səbəbindən yumurta alışına məhdudiyyətlər qoyulub", - hesabatda bildirilir.
Lidl supermarketlər şəbəkəsində bir müştərinin “ədalətli paylanmanı təmin etmək” üçün cəmi iki bağlama yumurta ala biləcəyi vurğulanıb.
Bununla yanaşı, Stop & Shop supermarketlər şəbəkəsinin kommunikasiyalar üzrə meneceri telekanala açıqlamasında vətəndaşlar üçün yumurta alışına məhdudiyyət tətbiq etmədiklərini bildirib.
News 12 xəbər verir ki, bəzi alıcılar artan qıtlıq fonunda hər bağlama yumurtaya 8 dollardan çox pul ödəməyə məcbur olurlar.