Bakı. Trend:
Argentinanın prezidenti Xavyer Miley impiçment çağırışları ilə üzləşib. Bir sıra dövlət rəsmiləri onu öz sosial şəbəkə hesabında kriptovalyutanı təbliğ etdiyinə görə “maliyyə fırıldağında” ittiham edir.
Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Miley bir müddət əvvəl “X” platformasında $LIBRA adlı kriptosikkə barədə təbliğat xarakterli material paylaşmış, onun kiçik biznesin və startapların maliyyələşməsinə kömək olacağını bildirmişdi.
O, hətta yazıda adıçəkilən kriptovalyutanın alınması üçün link də yerləşdirmişdi. Həmin postdan sonra $LIBRA qiymətində qəfil sıçrayış olsa da, tənqidlərdən bir neçə saat sonra prezident səhifəsindən postun silinməsi ilə, kriptovalyuta qiymətdə tənəzzül etmiş və nəticədə investorlar külli miqdarda pul itirmişdilər.
Argentina Konqresinin bəzi deputatları Mileyin impiçmenti üzrə prosesi başlatmağı planlaşdırdıqlarını açıqlayıblar. Bu arada, bir sıra hüquqşünaslar maliyyə fırıldağı ittihamı ilə Argentina cinayət məhkəməsinə müraciət edib.