Bakı. Trend:
Türkiyənin şimal-qərbində yerləşən Sakarya vilayətinin Serdivan rayonunda baş verən silahlı insident nəticəsində azı beş nəfər ölüb, beş nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hadisə qonşu iki ailə arasında yaranan mübahisənin silahlı qarşıdurmaya çevrilməsi nəticəsində baş verib. Hər iki tərəf bir-birinə tapançalarla atəş açıb.
Nəticədə beş nəfər həyatını itirib, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı dörd nəfər saxlanılıb, hadisədə istifadə olunan dörd tapança maddi sübut kimi götürülüb.
Araşdırma davam etdirilir.