Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin
yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha
effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi:
“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial
ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub.”
Sahibə Qafarovanın sözlərinə görə, bu siyasətin mühüm nailiyyətləri
sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi
var. O deyib ki, son beş ildə qəbul olunmuş dörd sosial islahat
paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2.7 dəfə,
əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə
5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını
Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. “Azərbaycan 2030:
Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial
ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş
milli inkişaf prioritetindən biri kimi təsbit edib.
Milli Məclisin sədri həmçinin bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatə edən əsas qanunları qəbul etmişdir. Mövcud qanunlara dəyişikliklərin edilməsi də daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir.