Bakı. Trend:
Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi
ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad
ediləcək:
- Allahverdiyev Elbəy Hidayət oğlu;
- Əyyubov Fərid İlham oğlu;
- Sarıyev Xəyal Əjdər oğlu.
Eyni zamanda layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin ediləcəklər.
Layihəyə əsasən, vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Layihəyə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin ediləcəklər.
Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.